“Xarici diplomatlar və jurnalistlər Qarabağda kilsələrin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı”

 

Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası məni qane edir. Lakin deməliyəm ki, bu, çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, müharibə qurtarandan sonra, elə ertəsi gün mənim tapşırığımla biz işə başladıq ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin. Yəni, biz, belə deyək, bircə gün də həm ərazilərin bərpası baxımından, həm də artıq dediyim kimi, yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq.

Prezident İlham Əliyev bu sözləri yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, müharibədən sonrakı yeni geosiyasi reallığın ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi prosesi tədricən gedib, lakin hər halda biz buna nail olmuşuq: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Biz orada vaxtaşırı həm münaqişə mövzularını, həm də digər qəbuledilməz məsələləri görürdük. Lakin sonradan, onların bəyanatlarına baxsaq indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həm də başqa sənədlərə istinadlar görərik. Yəni, reallıq artıq üstünlük təşkil edir. Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Əlbəttə, biz heç vaxt özümüzü şişirməmişik və şişirtməli deyilik, lakin lazımınca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda özümüzə ziyan vura bilərdik. Ona görə bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər”.

 

Həmişə qaliblərin dostları çox olur

 

Prezident qeyd edib ki, biz bunu həm formal mənada, həm də ünsiyyətdə görürük: “Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Bəli, amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqlı idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tuturdu. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük, lakin hər halda bu, müsbət addımdır, xüsusən deməliyəm ki, buna İkinci Qarabağ müharibəsinin necə getməsi də yəqin ki, təsir göstərib”.

Dövlət başçısı bildirib ki, Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb: “Mən dəfələrlə demişəm, erməni tərəfdən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!”.

Prezident bu xüsusda müharibənin bir epizodu barədə də danışıb. Bildirib ki, Azərbaycan Ordusu Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi sərhədə ezam edilsin: “Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər”.

“Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur”, – deyə İlham Əliyev əlavə edib: “Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir”.

Dövlət başçısı vurğulayıb ki, müharibədən sonrakı geosiyasi reallığın dünyada qəbul edilməsində bir sıra amillər rol oynayıb: “Fikrimcə, növbəti amil odur ki, biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər. Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik”.

 

Biz illər boyu UNESCO-nu dəvət edirdik...

 

Prezident daha sonra deyib: “Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, – mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, – hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı...”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan işğal dövründə dəfələrlə UNESCO-ya müraciət edərək təşkilatı regiona missiya göndərməyə çağırırdı: “Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur. Ona görə ki, bu müharibədən sonra, əslində, biz müharibə başlayacağı halda nələr baş verəcəyi barədə dünya miqyaslı himayədarları olan Ermənistanın bütün proqnozlarını, bütün fərziyyələrini alt-üst etdik. Əlbəttə, düşünürəm ki, dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü və bu amil də rol oynadı. Ona görə ki, sentyabrın 27-də ermənilərin himayədarlarının reaksiyasını hətta mən də – bunu bilən və ya güman edə biləcək adam da fərz edə bilməzdik. Bütün bunlar öz rolunu oynadı. Buna görə də bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək”.

Prezident İlham Əliyev müsahibəsində münaqişənin və Azərbaycan torpaqlarının işğalının davam etdiyi 30 il müddətində heç bir irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupu ilə mövcud vəziyyətdəki münasibətə də toxunub. “Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir”, – sözünə zarafatla başlayan dövlət başçısı deyib: “Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”.

Prezident müharibədən sonrakı bir ildən artıq müddətdə erməni tərəfin törətdiyi təxribatlar, o cümlədən yanvarın 11-də sərhədin Kəlbəcər rayonu istiqamətində baş verən gərginliklə bağlı suala da cavab verib. Qeyd edib ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir, istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. “Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib... Ona görə belə meyillər davam edəcək... Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək...”.

 

“İstəmirlər, olmasın, onda görərik nə olacaq”

 

Prezident qeyd edib ki, Azərbaycan, əslində, sülh gündəliyini erməni tərəfə təqdim edib və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürüb. İlkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi: “Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq...”.

Dövlət başçısı əlavə edib ki, Ermənistanın rəsmi dairələri bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib: “Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq...”.

Prezident onu da xatırladıb ki, erməni tərəf əvvəlcə həm dəmiryolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdi və deyirdilər ki, yox, bu, olmayacaq: “Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu, deyəsən, aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfıra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq...”.