Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Qətərdə, 31-ci Doha Beynəlxalq Kitab Sərgisində iştirak edir. Nümayəndə heyətinin üzvü – Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov sərgi zamanı Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.

Milli Kitabxanadan bildirilib ki, görüşdə Kərim Tahirov 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memorandumun əhəmiyyətini vurğulayıb, bu sənədə əsasən, informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Qətər Milli Kitabxanasında Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsində guşənin rolunu vurğulayan direktor belə bir imkanın yaradılması üçün hər iki kitabxanada qarşılıqlı olaraq Azərbaycana və Qətərə dair guşənin yaradılmasını təklif edib.

Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə məmnuniyyətlə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlər görəcəyini deyib.

Görüşdə iştirak edən Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Qətər Milli Kitabxanasını 2023-cü ildə keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda Kərim Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından “Nizami yurdu Gəncə”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı”, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları”, “Azərbaycanın qadın ziyalıları” və digər kitabları hədiyyə edib.

31-ci Doha Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcək.