Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun konfrans salonunda bu ölkədə təhsil alan xarici ölkə tələbələri qarşısında “Türk Dövlətləri Təşkilatı və Azərbaycan” mövzusunda çıxış edib.

Səfir tələbələrə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri, tarixi Qarabağ zəfəri və sonrakı proseslər haqqında məlumat verib. Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın otuz il sürən işğalçılıq siyasətindən bəhs edən diplomat vurğulayıb ki, Azərbaycan BMT-nin məlum dörd qətnaməsi başda olmaqla, beynəlxalq qanunların verdiyi hüquqdan yararlanaraq 2020-ci ildə ərazi bütövlüyünü bərpa edib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan səfir əminliklə bildirib ki, regionda bütün kommunikasiya xətlərinin açılması yeni inkişaf mərhələsinin təməlini qoyacaq.

Səfir ölkəmizin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına da toxunub: “Azərbaycanın Türk Dövlətləri Təşkilatının təsisçi üzvlərindən biridir. Ölkəmizin Avrasiyada mühüm tranzit məkana çevrilməsi təşkilatın gələcək fəaliyyəti üçün böyük perspektivlər açır. Azərbaycanın son illər həyata keçirdiyi daxili infrastrukturun qurulması layihələri beynəlxalq imkanlara malikdir. Bu imkanlardan səmərəli istifadə etmək bütün region ölkələri, o cümlədən Türk Dövlətləri Təşkilatı üçün səmərəli və faydalıdır”.

Sonda sualları cavablandıran səfir Rəşad Məmmədov Strateji Düşüncə İnstitutuna kitablar hədiyyə edib.