1990-cı ilin qanlı 20 yanvar gecəsindən 32 il ötdü. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının əziz xatirəsinə ehtiram olaraq müxtəlif tədbirlər, anım mərasimləri təşkil edildi.

Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirildi.

Anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi.

Konsertdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rauf Abdullayev) ilk olaraq Azər Rzayevin “Bakı – 90” simfoniyasını ifa etdi. Sonra Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” səsləndirildi.

Konsert proqramı Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) ifasında Qara Qarayevin “Zamanın bayraqdarı” əsərinin səsləndirilməsi ilə başa çatdı.

Anım gecəsində təqdim olunan musiqi əsərləri 32 il öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi.

N.Məmmədli