44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbəyə həsr olunmuş növbəti kitab işıq üzü görüb. “Borçalıdan Şuşaya gedən yol” adlanan kitabda İkinci Qarabağ müharibəsində iştirak etmiş Borçalı əsilli Azərbaycan vətəndaşları olan şəhid və qazilərimizin şanlı döyüş yolundan bəhs olunur.

Kitabda 200 nəfərdən çox əsgər-zabitin həyat və döyüş yolundan söz açılır. Onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Knyaz Musayevin kitaba yazdığı ön sözdə də vurğulandığı kimi, bu yazılar ilk baxışda sadəcə, avtobioqrafik məlumatlardan ibarət olsa da, hər birinin arxasında bir insan taleyi var. Bu yazıları oxuduqca qəhrəman Azərbaycan əsgərinin obrazı gözlərimiz önündə öz əzəməti ilə bir daha canlanır, harada doğulmasından asılı olmayaraq, igidlərimizin cəsurluğu, şücaəti və Vətən sevgisi qəlbimizi qürurla doldurur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Mahal Tükənlidir.