YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində bu ay üçün nəzərdə tutulan sonuncu ustad dərsi yanvarın 26-da Azərbaycan Rəngkarlıq Muzeyində keçiriləcək.

Ustad dərsi Kənan Əliyevin rəhbərliyi ilə “Heykəl. Relyef” mövzusuna həsr olunacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən təmin edilir.

YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının bu ay üçün sonuncu ustad dərsi isə yanvarın 29-da keçiriləcək. “Xəyallar şəhəri” mövzusunda dərs Azərbaycan Rəngkarlıq Muzeyində Günel Ravilovanın iştirakı ilə reallaşacaq.

Yerlər məhdud olduğundan ustad dərslərində qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır. Ustad dərsləri ödənişsizdir.