Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunan “Şuşa İli”ndə, sözsüz ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan bu qədim şəhərimiz haqqında tarixi və ədəbi-bədii materialların təbliği də xüsusi diqqət kəsb edəcək.

Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərinin böyüməkdə olan nəslə aşılanması  kitabxanalardan yeni yanaşmaların axtarış və tətbiqini tələb edir. Bu işdə oxucuları mütaliəyə cəlb etmək üçün kitabxanalar öz qarşısına dəqiq məqsəd və vəzifələr qoymalıdırlar. “Şuşa İli”ndə kitabxanaların görəcəyi işlər Şuşa və ümumiyyətlə, Qarabağ haqqında hər bir kəsə tariximiz, ədəbiyyatımız, xalqımızın mədəni-etnik dünyagörüşü kontekstindən tanış olmağa imkan yarada bilər.

Bununla əlaqədar bütöv layihə və proqramlar vasitəsilə qarşılıqlı və maraqlı tədbirlərin işlənib hazırlanması çox vacibdir. Belə tədbirlərin sırasında kitab sərgiləri, kitab müzakirələri, sual-cavab gecələri, musiqili ədəbi gecələr, biblioqrafik icmallar, kitab təqdimatları, görüşlər, oxucu konfransları, yaddaş günləri, dəyirmi masalar və s. mühüm yer tutur.  Foto və kitab sərgilərindən, məruzələrdən və s. bu kimi ənənəvi formalardan faydalı şəkildə istifadə edilməli, tədbirlərin keyfiyyətli və məzmunlu olmasına fikir verilməlidir. Məsələn, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi”, “Şuşanın tarixi və memarlıq abidələri” və d. sərlövhəli kitab sərgilərinin, “Qarabağın mirvarisi”, “Şuşada ədəbi məclislər” kimi bir çox oxucu konfranslarının keçirilməsinin mövzu ilə bağlı əhəmiyyətli məsələlərin təbliğində və araşdırılmasında mühüm rol olar.

Şuşa ilə bağlı oxucuların bədii və elmi kütləvi ədəbiyyatla işləməsinə xüsusi diqqətin verilməsi də vacibdir. Məsələn, oxucuların M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Y.V.Çəmənzəminlinin “Qan içində”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, Ç.Qacarın “Köhnə Şuşa”, Azərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının və onun mərkəzi Şuşanın siyasi, iqtisadi və mədəni tarixini öyrənən “Qarabağnamələr”i, Y.Mahmudovun “Şuşa-Pənahabad”, B.Bağırzadənin “Şuşa”, Y.Hüseynovun “Şuşa salnaməsi” və d. nəşrlərlə tanış edilməsi yaxşı olardı. Tədbirlərin səmərəliliyini artırmaq üçün kiçik formalı nəşrlərdən –bukletlərdən, ədəbiyyat siyahılarından istifadə etmək yerinə düşərdi.

Oxuculara axtardığı materialları asanlıqla tapmaqda guşələr çox mühüm rol oynayır. Burada müvafiq kartoteka, qəzet, jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra sənədlər və şəkillər də öz əksini tapır.

Plakatlar mövzuya dair bədii və tarixi, elmi-kütləvi ədəbiyyatın əyani təbliğinə kömək edir. Plakatlar həm oxuculara istiqamət verir, həm də seçilmiş ədəbiyyat haqqında onlarda müəyyən təsəvvür yaradır. Bu mövzuda oxucuların müfəssəl məlumat almalarına kömək etmək üçün informasiya günləri və həftələrinin, oxucu günlərinin də özünəməxsus yeri var.

Şuşa ilə bağlı təqdim olunan bütün materialların hazırlanan elektron məlumat bazalarında əksi də çox mühümdür. “Şuşa şəhərinin tarixi”, “Xarıbülbül”, “Qədim Şuşa və şuşalılar” və s. məlumat bazalarının yaradılması və internet şəbəkəsində yerləşdirilməsi həm oxuculara ətraflı məlumat  verər, həm də çoxlu sayda oxucunu kitabxanaya cəlb edə bilər.

Mövzu ilə bağlı bloq-şəbəkələrin yaradılması və burada qoyulan maraqlı, rəngarəng yazılar resurs istifadəçilərinin diqqətini cəlb edir. Sosial şəbəkələrdə belə məlumatların yerləşdirilməsi də məqsədəuyğundur. 

“Biz Şuşa haqqında oxuyuruq” adlı ədəbiyyat marafonunun keçirilməsi, marafon çərçivəsində ucadan oxu, kitabın elektron təqdimatı, müəlliflərlə görüş və s. təşkil etmək olar. Kitabxanalar daha bir təbliğat üsulundan – fləşmobdan istifadə etməklə Şuşa və Qarabağın tarixi ilə bağlı ədəbiyyata marağı artıra bilər. “Xarıbülbül”, “Şuşanın dağları”, “Şuşanın gerbi” və d. mövzularda fləşmobların keçirilməsi mümkündür.

Vətənə məhəbbət hisslərinin, vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında mühüm rol oynayan tədbirlər özündə zəngin tərbiyəvi potensial daşıyır. “Şuşa İli”ndə kitabxanaların keçirəcəkləri tədbirlər də eyni zamanda Vətən torpağı uğrunda həyatından keçən qəhrəmanların əziz xatirəsinin yaşadılmasına, ölkəmizin şanlı tarixinə görə fəxarət hissinin aşılanmasına bir vəsilədir.

Cəmilə Səmədova
Səbail rayon MKS-nin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri