Heydər Əliyev Mərkəzində “zefer.az” saytının təqdimatı keçirilib

 

...İllərdir davam edən nəticəsiz danışıqlar, işğalçı tərəfin Azərbaycan xalqının əsəblərinə və milli qüruruna toxunan əməllərindən sonra, nəhayət, bıçağın sümüyə dirəndiyi gün yetişdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Bu günün gec-tez yetişəcəyini hər kəs bilirdi və kiçikdən-böyüyə hamı ona hazır idi... Bütün xalq Orduya və Ali Baş Komandana dəstək üçün yumruq kimi birləşməyə başladı... Tezliklə bu yumruq Azərbaycanın iradə, əzm və qətiyyətini əks etdirən Dəmir yumruğa çevriləcəkdi...

44 günlük Vətən müharibəsinin virtual xronikasını təqdim edən “zefer.az” saytının ilk yazısı bu sözlərlə açılır. Sayt Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən yaradılıb.

Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş “zefer.az” saytının təqdimat mərasimi keçirilib.

Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə “zefer.az” saytına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın Zəfər salnaməsinin yaddaşlara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “zefer.az” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “memorial.az” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “zefer.az” saytının ideya və məqsədlərindən danışıb.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Zəfər hər birimizin qələbəsi, vahid ideya, amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycanın milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası təkcə Azərbaycanın milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılması, xalqımızın özünəinamını bərpa edən, onu özgüvənli millətə çevirən yeni mənəvi dönüş nöqtəsidir”, – deyə Prezident Administrasiyasının rəsmisi bildirib.

Səadət Yusifova qeyd edib ki, Zəfər – qalib ölkənin və xalqın yeni matrisasının, ideoloji bazisinin təməl daşı olmaqla, xalqımız və dövlətimiz qarşısında yeni hədəflər qoyur.

Zəfərimiz Azərbaycanın iqtisadi, texnoloji, hərbi, siyasi, mənəvi, diplomatik, informasiya gücünü bütün dünyaya nümayiş etdirir. Bu Qələbə münaqişəyə son qoyaraq yeni reallıq yaratmaqla yanaşı, həm də bütövlükdə regionumuzda sülh, təhlükəsizlik, əmin-amanlıq, əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır. Zəfərimizi, əslində, XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsi, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləri hesab etmək olar.

Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını şaxələndirməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geoiqtisadi xəritəsini dəyişəcək. Bu fundamental dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir.

Azərbaycan xalqının yazdığı bu Zəfər salnaməsini tarixin heç vaxt unutmayacağını vurğulayan S.Yusifova bildirib ki, bizim üzərimizə düşən missiya bu salnaməni yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif edilmədən dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan “Zəfər” portalının missiyası məhz buna hədəflənib.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, 2020-ci il noyabrın 10-dan ötən hər gün Azərbaycan xalqının qazandığı Qələbənin əzəmətini göstərir. İndi dünya xalqları arasında həm genetik, həm informativ, həm də mədəni mübadilə gedir, bütün dünya bir-birindən nəyisə öyrənir. Lakin azadlığı, evi, ocağı uğrunda əsrlərlə vuruşub, nəhayət, 2020-ci il noyabrın 10-da qalib gələn bir millətin Zəfərə gedən yolu dünya millətləri tərəfindən mütləq öyrəniləcəkdir. Bundan sonra Azərbaycan həmişə Şuşanı geri qaytaran parlaq hərbi əməliyyatla tanınacaq. Şuşa artıq hər yerdə əzilən, işğala məruz qalan xalqlar üçün inam simvoludur.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənçiliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanın Naxçıvanla coğrafi birliyinin perspektivi də məhz hərbi Qələbənin nəticəsidir. Artıq hamı yeni reallığı dərk edir. Dünyada və keçmiş sovet məkanında hər gün artan təhlükəsizlik riskləri fonunda Cənubi Qafqazın təhlükəsiz gələcəyini formalaşdıran lider İlham Əliyevdir.

Sonra “zefer.az” saytı təqdim edilib. Qeyd olunub ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta yerləşdirilməsi “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölmə, 62 alt-bölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir, həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.

Sayt Vətən müharibəsi, o cümlədən müharibə ərəfəsində baş verənlər, münaqişənin tarixi, Ermənistanın hərbi cinayətləri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin xronikası, bu yolda ordu-xalq birliyi, 44 gün ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən əsas hadisələri xronoloji ardıcıllıqla əhatə edir, eyni zamanda Zəfərin nəticələrini, Böyük Qayıdışla bağlı məlumatları əks etdirir. Zəfər yalnız hərb meydanı ilə bitmir, o həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və iqtisadiyyatın dirçəldilməsi, reinteqrasiya proseslərini, siyasi-diplomatik və informasiya cəbhəsində yeni uğurlarla xarakterizə olunur.