XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan sənətkarlardan biri də şair, dramaturq və tərcüməçi Adil Babayevdir. Özünəməxsus deyim-duyum tərzi olan ədibin yaradıcılığı bu gün də öz təravətini qoruyub saxlayır.

Adil Qafar oğlu Babayev 28 yanvar 1925-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Atası 30-cu illər repressiyası zamanı “xalq düşməni” elan edilərək həbs olunur və məhkəmə hökmü çıxarılmadan güllələnir... Adil 1938-ci ildə şəhər 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirir. Tiflis şəhər M.F.Axundzadə adına Azərbaycan orta məktəbində təhsilini davam etdirir. Orta məktəbi bitirdikdən sonra Naxçıvandakı “Şərq qapısı” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlayır, korrektor, sonra isə Ədəbiyyat və incəsənət şöbəsinin müdiri kimi çalışır. 1943-cü ildə A.S.Puşkin adına ikiillik Tiflis Müəllimlər İnstitutunun Ədəbiyyat fakültəsinə qəbul olunur. Eyni zamanda “Sovet Gürcüstanı” qəzetində fəaliyyət göstərir.

Erkən çağlardan poeziyaya maraq göstərən Adil Babayevin ilk şeiri 1939-cu ildə “Gənc nəsil” məcmuəsində və “Sovet Gürcüstanı” qəzetində dərc edilir. 1941-ci ildə dərc olunan “Sevinc” şeirinə görə “Sovet Gürcüstanı” qəzeti redaksiyası müsabiqədə 2-ci mükafata layiq görülür. Atasını vaxtsız itirən şair düşüncələri işığında xəyal etdiyi atasına ithaf olunan şeirində yazır:

Mən atamı görməmişəm at belində,
Ata-baba ocağında, dost elində.
Simasını yaratmışam xatirələr qaynağından.
Neçəsinin heyrətindən, neçəsinin sorağından.
Anam nağıl deyən zaman, gözlərimə atam gəlib.
Şeir yazıb, söz qoşmuşam, sözlərimə atam gəlib...

Adil Babayev 1945-ci ildə Bakıya qayıdır. “Kommunist” qəzetində ədəbi işçi kimi işə götürülür. 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalına dəyişilir. Burada bir neçə il Poeziya şöbəsinin müdiri olur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirir. Uzun müddət Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) Bədii ədəbiyyat şöbəsinin redaktoru işləyir. 1956-cı ildə isə indiki Azərbaycan Elmlər Akademiyası İncəsənət və Layihə İnstitutunun aspiranturasına qəbul olunur, araşdırmalar aparır. “M.Əzizbəyov adına teatr”, “Şərəfli yol” monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair məqalələr yazır. O, eyni zamanda Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində Tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində çalışır. 1971-ci ilin avqust ayından ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Adil Babayev çoxşaxəli yaradıcılıq yolu keçib. O, bir-birindən maraqlı şeirlərlə bərabər, dram əsərləri də yazıb. Müəllifin “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub. Əsərləri bir çox xarici dilə və həmçinin keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub.

Adil Babayevin yaradıcılığına diqqət yetirdikcə onun poetik düşüncələri işığında mənəvi aləmi aydınlaşır. Şairin şeir kəhkəşanında sevincli, kədərli günləri göz önünə gəlir. Hiss edirsən ki, o, təbiət hadisələrinə təsvirçi mövqedən yanaşmayıb. Hər açılan çiçəkdə, göyərən yarpaqda bir məna axtarıb. Onun poetik dünyası Səməd Vurğunun diqqətindən yayınmayıb. Yazdığı “Çinar” şeirinə yüksək qiymət verərək ona “Mənim arzum” adlı şeir ithaf edib. “Şair, nə incədir rübabın sənin! Uçurdu qəlbimi çaldığın o saz!” deyən Xalq şairinin bu şeiri Adil Babayevin sınıq könlünə məlhəm olur, gözlərində ümid, inam qığılcımı alovlandırır...

Təvazökar şair dünyadan köç etdikdən sonra bir izi qalıb-qalmayacağından narahat olur və yazır:

...Ömrüm Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş.
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı kaş,
Mən dünyada olmayanda...

Tərcüməçiliklə də məşğul olan ədib V.Şekspir, V.Vişnevski, N.Dumbadze və başqa müəlliflərin əsərlərini dilimizə tərcümə edib. Onun tərcüməsində V.Vinnikov və Y.Osnosun “Ağ şanaküllə” , Sao-Yuyyanın “Tufan”, Ş.Miloravanın “Tiflis haqqında mahnı”, N.Dumbadzenin “Darıxma, ana”, M.Petrieskunun “Ölümü görmüş insan” pyesləri tamaşaya qoyulub. Ədibin tarixi mövzularda qələmə aldığı “Memarın məhəbbəti”, “Qız qalası, “Babəkdən sonra”, “Yanıqlı gülüşlər”, “Qartal qanadları” əsərləri oxucuların rəğbətini qazanıb.

Adil Babayev 19 avqust 1977-ci ildə uzun sürən ağır xəstəlikdən sonra 52 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Vəfatından sonra şairin “Ümid sərvləri”, “Mənim abidəm”, “Təzədən doğulur şair ölən gün”, “Pyeslər”, “Ata sorağında”, “Anamın bayramı”, “Fəsillər dəyişəndə”, “Yaşamağı bacarmıram” kitabları nəşr olunub. Müəllifin “Qız görüşə tələsir” pyesi Musiqili Komediya Teatrında, “Ən xoşbəxt adam” əsəri Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulub. Sözlərinə yazılmış “Ayrılıq olmasaydı” adlı musiqi albomu Türkiyədə işıq üzü görüb. “Azərbaycantelefilm”də şairin həyat və yaradıcılığına həsr olunan “Ata olsam belə, ata istərəm” adlı tammetrajlı sənədli film çəkilib. Bakı və Gəncə şəhərlərində adına küçə var. Eyni zamanda Naxçıvan MR Uşaq Kitabxanası Adil Babayevin adını daşıyır.

Şairin sözlərinə bəstəkar Nəriman Məmmədovun yazdığı “Mən dünyada olmayanda” mahnısı Xalq artistləri İslam Rzayev, Məmmədbağır Bağırzadə, Arif Babayev və Baba Mirzəyevin ifasında səslənib, maraqla qarşılanıb.

Bundan əlavə, görkəmli bəstəkarlarımız Səid Rüstəmov, Şəfiqə Axundova, Süleyman Ələsgərov, Tofiq Bakıxanov, Ramiz Mirişli,  Sevda İbrahimova, Oqtay Rəcəbov, Ələkbər Tağıyev, Faiq Sücəddinov,  Eldar Mansurov, Mobil Babayev və başqaları şairin sözlərinə 200-dən çox mahnı bəstələyib.

Mirzə İbrahimov, Məmməd Rahim, Mehdi Hüseyn, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Cəlal Məmmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəxtiyar Vahabzadə və başqa elm adamları, ədiblər Adil Babayevin yaradıcılığını yüksək qiymətləndiriblər.

Savalan Fərəcov