Yerdən 1,5 milyon km məsafədə

 

Bir ay əvvəl kosmosa buraxılan “James Webb” teleskopu təyinat nöqtəsinə çatıb. ABŞ-ın Aerokosmik Agentliyi – NASA-nın məlumatına görə, hazırda cihaz Yer kürəsindən 1,5 milyon km məsafədə öz orbitinə yerləşib. Bura kainatın uzaq nöqtələrini müşahidə etmək üçün ən əlverişli məkandır. 6,5 metr diametrli güzgüsünü açan teleskopdan ilk fotoların yayda alınması gözlənilir.

NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan “James Webb” teleskopu 2021-ci il dekabrın 25-də kosmosa göndərilib. Layihəyə 10 milyard dollardan çox vəsait xərclənib.

“James Webb” teleskopu otuz ilə yaxın fəaliyyətdə olan məşhur “Hubble” teleskopunun davamçısıdır. Yeni teleskop Günəş sistemindəki obyektlərin müşahidə olunmasından tutmuş kainatda mümkün həyat izlərinin axtarışına kimi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. O, “Hubble” teleskopunun müşahidə etmiş olduğu obyektlərdən 10-100 dəfə daha zəif işıqlı obyektləri görə biləcək.

Amerikan astronomu Edvin Hubblenin şərəfinə adlandırılan və 24 aprel 1990-cı ildə kosmosa göndərilən, “Hubble” teleskopu Günəş sisteminin, ekzoplanetlərin, ulduzlar və nebulaların, qalaktikaların və ən nəhayət, bütövlükdə kainatın öyrənilməsində mühüm töhfələr verib. 1961-1968-ci illərdə NASA-ya rəhbərlik etmiş, ABŞ-ın ilk insanlı kosmik uçuşları və Aya ilk insanın enməsi kimi proqramları həyata keçirmiş James Edvin Vebb-in adını daşıyan teleskop bu işi davam etdirəcək.

Cavid