Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası yanvarın 24-də videokonfrans formatında keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası komitə sədrinin müavini Fazil Mustafa açaraq  gündəlik barədə məlumat verib.

Komitənin 2021-ci ilin payız sessiyasında fəaliyyəti barədə hesabat təqdim edilib, 2022-ci ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib.

Komitə sədrinin müavini bildirib ki, yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən sənədlər, eləcə də yeni hazırlanan “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi də nəzərdə tutulub.

Müzakirələr zamanı çıxış edən deputatlar yaz sessiyasının iş planı barədə fikir və təkliflərini səsləndiriblər.

Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.