İCESCO proqram həyata keçirəcək

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyası (FUİW) Almaniyanın Marburq Universiteti ilə birlikdə kiberməkanda İslam mədəni irsinin qorunması, habelə bu sahədə tələbələrə təhsil verilməsi üzrə proqram həyata keçirəcək.

Layihə Marburq Universitetinin Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzində gerçəkləşəcək. Proqrama əsasən, FUİW-ə üzv universitetlərin tələbələri öz xalqlarının mədəni irsinin kiberməkanda qorunması, həmçinin qədim əlyazmaların ümumi reyestrə daxil edilməsi prosesində iştirak edəcəklər.

Proqram çərçivəsində həmçinin akademik mübadilə aparılacaq, İslam ölkələrində mədəni irs nümunələri rəqəmsallaşdırılacaq. Yaradılacaq ümumi məlumat bazasına İCESCO-ya üzv ölkələrin muzeyləri, kitabxanaları, tarix-mədəniyyət abidələri daxil ediləcək.

FUİW və Marburq Universitetinin birgə təşkilatçılığı ilə federasiyaya üzv universitetlərin birinin nəzdində İCESCO-nun əlyazmalar şöbəsinin yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) FUİW-in İdarə Heyətinin üzvüdür.