Prezident Fatma Səttarovanı təltif edib

 

Prezident İlham Əliyev yanvarın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı olan Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Fatma Hüseyn qızı Səttarova Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Prezident həmçinin Fatma Səttarovaya anadan olmasının 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

“Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz”, – deyə təbrikdə qeyd olunur.

100 yaşlı veteranın həyat və mübarizə yolunun Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnək olduğunu vurğulayan dövlət başçısı yubilyara ən səmimi təbriklərini yetirib, möhkəm cansağlığı arzulayıb.

***

Prezident İlham Əliyev yanvarın 25-də “İstiqlal” ordenini Fatma Səttarovaya təqdim edib.

Dövlətimizin başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib: “Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız”.

 

“Deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik...”

 

Prezident İlham Əliyev vurğulayıb ki, bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir.

Öz növbəsində Fatma Səttarova əlavə edib ki, bəli, bu hamımızın, Azərbaycan xalqının qələbəsidir. O qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır.

Prezident qeyd edib ki, bu qələbədə veteranların da payı çox olub: “Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz...”.

“Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi”, – deyə dövlət başçısı vurğulayıb.