“Əminəm ki, İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar”

 

Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

Prezident İlham Əliyev bu sözləri yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən söyləyib.

Nümayəndə heyətinin İrandan birbaşa Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlməsini, Füzulidə, Zəngilanda olmasını yüksək qiymətləndirən dövlət başçısı vurğulayıb ki,  2020-ci ilin Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranıb və İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət alıb: “Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”.

İran nümayəndə heyətinin Azərbaycanın azad edilmiş torpaqlarında olan dağıntıları  görməsindən bəhs edən İlham Əliyev bildirib ki, Ermənistan işğal dövründə şəhər və kəndlərimizi yerlə yeksan edib: “Ona görə bu böyük ərazidə – 10 min kvadrat kilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər”.

Prezident nümayəndə heyətinin Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə tanış olmasını da qeyd edərək İranın bu işlərə töhfəsinin çox önəmli olduğunu vurğulayıb. Bildirib ki, həm avtomobil yolu, həm dəmiryolu uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir. Qeyd olunub ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin su elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşası kimi məsələlər də hökumətlərarası komissiyanın işində prioritetlər sırasındadır.

“Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Rüstəm Qasimi İran Prezidenti İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdıraraq qeyd edib ki, dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. İranlı nazir Azərbaycanın azad edilmiş ərazilərində aparılan quruculuq və yenidənqurma işləri ilə yerində tanış olduğunu və iki ölkə arasındakı əlaqələr və müştərək layihələr barədə bir daha fikir mübadiləsi aparacaqlarını deyib.

Prezident İlham Əliyev İran dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.