Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. Bu məsələ parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

İş planında postmüharibə dövründə birgəyaşayışa dair qanunvericiliyi araşdıran komissiya yaradılması, azad olunmuş torpaqlara Böyük Qayıdışla bağlı beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə əməkdaşlıq layihəsinin hazırlanması məsələsi də yer alıb.

“Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı” yeni qanun layihəsinin hazırlanması da nəzərdə tutulur. Milli Məclisdə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı dinləmə keçiriləcək.

Eyni zamanda sessiya müddətində Azərbaycan və Türkiyə arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” anlaşma memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi komitənin iş planına daxil edilib.