Əlverişsiz hava şəraiti səbəbindən

 

Son bir neçə gündə Türkiyədə davam edən əlverişsiz hava şəraiti və güclü qar yağması, xüsusilə İstanbul hava limanının fəaliyyətində ciddi problem yaratmaqla yanaşı, bir sıra tədbirlərin təxirə salınmasına da səbəb olub. Yanvarın 25-də Bursa Böyükşəhər Bələdiyyəsi mətbuat üçün açıqlama yayaraq Bursanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı yanvarın 26-da keçirilməsi nəzərdə tutulan tədbirlərin, o cümlədən TÜRKSOY Daimi Şurası toplantısının ertələndiyini bildirib.

Məlumatda qeyd olunur ki, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyində keçirilməsi planlanan TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar toplantısı və “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Koordinasiya Mərkəzinin açılışı əlverişsiz hava şəraiti üzündən iştirakçı ölkələrin nazirləri bu tarixdə Türkiyəyə gələ bilmədiklərinə görə ləğv edilib. Şəhər rəhbərliyi həmçinin əlverişsiz hava şəraiti səbəbindən 26-27 yanvar tarixlərini idarə və müəssisələr üçün qeyri-iş günləri elan edib.