Azərbaycan

 

29 yanvar 1926 – Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

29 yanvar 1927 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 – 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

29 yanvar 2011 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (18.2.1947 – 2011) vəfat edib. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

29 yanvar 2016 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (26.1.1933 – 2016) vəfat edib. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

30 yanvar 1930 – Bakı Fəhlə Uşaq Teatrının (indiki Gənc Tamaşaçılar Teatrı) Azərbaycan bölməsi fəaliyyətə başlayıb. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1928-ci il 5 oktyabr tarixli qərarına əsasən, öncə teatrın rus bölməsi yaradılmışdı. 1936-cı il iyunun 18-də Gənc Tamaşaçılar Teatrı adlandırıldı.

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

30 yanvar 1936 – Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) Lənkəranda anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma.” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

31 yanvar 1879 – Tanınmış satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 – 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyəti nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Azərbaycan şairi Nizami” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.

31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 – 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi, “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.

31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915 – 5.5.2003) Bakıda anadan olub. 1933-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub, “İstiqlal” ordeni (2000) ilə təltif olunub.

31 yanvar 1918 – Xalq artisti Konstantin Nikolayeviç Bataşov (1918-1991) Tiflisdə doğulub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

31 yanvar 1924 – Şair, Əməkdar incəsənət xadimi Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 – 26.2.1996) Bakıda doğulub. 1940-cı illərdə Cənubi Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olub.

31 yanvar 1963 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 – 1963) vəfat edib. 1933-cü ildən Akademik Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə (“Fətəli xan”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.

 

1 fevral 1935 – Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov (1935 – 1.9.2019) Bakıda doğulub. Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, “Azərbaycan” nəşriyyatının baş direktoru işləyib. Ali Sovetin deputatı, Yazıçılar Birliyinin sədr müavini olub.

1 fevral 1948 – Əməkdar artist Əli Fərman oğlu Allahverdiyev (1948 – 15.6.2010) Samux rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

1 fevral 2004 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Televiziya tamaşalarına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

 

Dünya

 

29 yanvar 1860 – Rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 – 15.7.1904) anadan olub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, “Üç bacı” (pyeslər), “6 nömrəli palata”, “Mujiklər” (povestlər), “Buqələmun”, “Qılaflı adam” (hekayələr) və s.

29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 – 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

 

30 yanvar 1720 – İtalyan rəssam, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.

30 yanvar 1923 – Kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923 – 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) müəllifidir.

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.

 

31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797-1828) anadan olub. “Alfonso və Estrella” operası, simfoniya, mahnı və romansların müəllifidir.

31 yanvar 1921 – Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza – əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.

31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Arzu ağacı”, “Tövbə” və s.

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford – John Martin Feeney; 1895-1973) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 – 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. 200-dən çox mahnı yazıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

Hazırladı: Vüqar Orxan