Müstəqil Dövlətlər Birliyinin Kitab Yayımı Assosiasiyası mart ayında Moskvada ənənəvi “Uşaq kitabı həftəsi” təşkil edəcək. Layihənin məqsədi uşaq və gənclər arasında kitaba marağı daha da artırmaq, onların mütaliə vərdişlərini inkişaf etdirməkdir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxucuları üçüncü dəfə müsabiqədə iştirak edə biləcəklər.

Həftə çərçivəsində uşaq rəsm və  bədii qiraət müsabiqəsi keçiriləcək. M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına təqdim olunan 10 ən yaxşı rəsm, eləcə də bədii qiraət videoları müsabiqəyə göndəriləcək.

Rəsm müsabiqəsinə 2022-ci ildə yubileyləri qeyd olunan yazıçıların əsərlərinin motivlərinə çəkilmiş şəkillər təqdim edilə bilər. Onların arasında Conatan Svift, Luis Kerrol, Alan Miln, Konstantin Paustovski, İvan Yefremov, Veniamin Kaverin, Astrid Lindqren, Eduard Uspenski var. Rəsmlər A4 və yaxud A3 formatında vatman kağızında rəng və ya karandaşla çəkilməlidir.

Bədii qiraət müsabiqəsi isə bu il yubileyləri qeyd olunan şair Samuil Marşak, Qriqori Oster, Bella Ahmadulina, Robert Rojdestvenski və Marina Svetayevanın yaradıcılığına həsr olunub. Onların şeirlərinin məktəblilərin ifasında videoçəkilişləri də kitabxanaya təqdim olunmalıdır.

Şəkillər və videoçəkilişlər martın 1-dək Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasına təqdim edilməlidir. Ətraflı məlumat Yasamal rayon MKS-nin sosial media səhifələrində.