Ömrünü xalqının maariflənməsi və ictimai-mədəni tərəqqisinə həsr edən ədib və ziyalılarımızdan biri Firidun bəy Köçərli olub. O, qırxillik ədəbi fəaliyyəti ilə böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin maarifçilik ənənələrini yorulmadan davam etdirib. Azərbaycanda folklorşünaslığın yaranması, şifahi xalq ədəbiyyatı nümunələrinin, habelə milli ədəbiyyatımızın tanınan simaları və onların yaradıcılığının toplanılması və nəşri sahəsində böyük xidmətlər göstərib. “Şuşanın simaları” rubrikasında bu dəfə qala-şəhərimizdə doğulub boya-başa çatan, ilk peşəkar ədəbiyyatşünaslarımızdan olan Firidun bəy Köçərlinin 57 illik ömür yolunun bəzi səhifələrinə qısa nəzər salacağıq.

Firidun bəy Əhməd bəy oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini Mirzə Kərim Münşinin mədrəsəsində alır. Sonra iki il də şəhərdəki rus məktəbində oxuyur.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski bu təhsil ocağı üçün tələbə toplamaq məqsədilə 1878-ci ildə Şuşaya gəlir, rus məktəbində də olur. Müəllim və şagirdlərlə yaxından söhbət edir. Firidun bəyi təhsil almaq üçün özü ilə Qoriyə aparır. O, 7 il seminariyada oxuyur.

21 yaşlı Firidun bəy seminariyanın tələbəsi ikən 1884-cü ildə “Təlimi-Sokrat” əsərini yazır. Təhsilini başa vurduqdan sonra 1885-ci ildə təyinatla İrəvan gimnaziyasında işə başlayır. Burada pansion mürəbbisinin köməkçisi vəzifəsini icra etməklə yanaşı, ana dili və hüsnxət fənlərini tədris edir. A.Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” (“Türk dili təlimi”) adlı dərslik tərtib edir.

Mədəniyyətlə maarifi qoşa qanad hesab edən F.Köçərli 1890-cı ildə İrəvanda Mirzə Fətəlinin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyur. Bir il sonra “Təlimi-Sokrat” kitabı Bağçasarayda (Krım) “Tərcüman” mətbəəsində, 1892-ci ildə isə A.Puşkindən tərcümə etdiyi “Torçu və balıq” mənzum nağılı İrəvan şəhərində kitab halında çap olunur. M.Lermontovun “Üç xurma ağacı” və A.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada işıq üzü görür. “Tatar komediyaları” adlı ilk elmi məqaləsi “Novoye obozreniye” qəzetində dərc edilir. Pedaqoji sahədə əldə etdiyi müvəffəqiyyətə görə bir sıra təltiflərə layiq görülür.

F.Köçərli təyinat müddəti başa çatdıqdan sonra 1895-ci ildə Gürcüstana qayıdır. Qori Müəllimlər Seminariyasının Tatar (Azərbaycan) şöbəsinə Azərbaycan dili və şəriət müəllimi təyin edilir. O, pedaqoji fəaliyyətlə yanaşı, mətbuatla əməkdaşlığını daha da genişləndirir. Həmin dövrdə böyük maarifçini ərəb qrafikalı Azərbaycan əlifbasının çətinlikləri, dilimizin ifadə imkanlarını tam əhatə edə bilməməsi ilə bağlı məsələlər də düşündürürdü. Onun 1898-ci ildə yazdığı “Ərəb əlifbası və onun qüsurları” adlı silsilə məqalələri “Qafqaz” qəzetində dərc edilmişdi.

Artıq F.Köçərli elmi-mədəni mühitdə geniş tanınmağa başlamışdı və onun bu sahədəki proseslərə yanaşması müasirləri tərəfindən diqqətə alınırdı. Bu dövrdə maarifçi-pedaqoqun həyatında mühüm yenilik baş verir. 1900-cü ildə Müəllimlər Seminariyalarının Ümumdünya Paris Sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilir.

Geniş tərcüməçilik fəaliyyəti də göstərən ədib Tiflisdə “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabını (1903) rus dilində çap etdirir. Həmin ildə M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə, A.Çexovun “At familiyası” hekayəsini isə Azərbaycan dilinə çevirərək kiçik müqəddimə ilə “Şərqi-Rus” qəzetində dərc etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasını yüksək qiymətləndirən F.Köçərli dərginin birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayır. İcmal “Tifliskiy listok” qəzetində işıq üzü görür. O, “İrşad” qəzetində dərc olunan “Bir darülmüəllimin kifayətdir” adlı məqaləsində Azərbaycanda müstəqil müəllimlər seminariyası yaradılması təşəbbüsü ilə çıxış edir. Cəlil Məmmədquluzadənin “Usta Zeynal” kitabçası haqqında eyniadlı məqaləsini “Znaniye” qəzetində dərc etdirir. M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış edir. Eyni zamanda 1911-ci ildə “Mirzə Fətəli Axundov”, 1912-ci ildə isə uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı çap olunur. Bir il sonra “Azərbaycan ədəbiyyatı tarixi” üçcildlik fundamental əsərini tamamlayır.

F.Köçərli peşəkar ədəbi tənqidçi kimi ədəbi prosesə yön verir, onun düzgün istiqamətdə inkişafına çalışırdı. Professor Xalid Əlimirzəyev yazırdı: “F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oynayan, sənəti qazanc mənbəyinə çevirməyə çalışan məddah yazıçıları, şairləri də kəskin tənqid edirdi”.

1910-cu ildə Qori Seminariyasında Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı olan F.Köçərli daha sonra bu şöbənin inspektoru təyin edilir. 1917-ci ildə seminariyanın Azərbaycan şöbəsinin ölkəmizə köçürülməsi ilə əlaqədar təşəbbüs göstərir. Siyasi proseslərə qoşularaq Müsavat Partiyasına üzv olur. 1918-ci ildə seminariyanın Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlıqları ilə birlikdə Qazax şəhərinə köçürür. Bu şöbənin əsasında Qazax Müəllimlər Seminariyası yaradılır və Firidun bəy təhsil ocağının direktoru təyin olunur. Həmin ilin 17 sentyabrında seminariya fəaliyyətə başlayır.

F.Köçərli ilk respublikamız – Xalq Cümhuriyyətinin qurulmasını alqışlayır. Milli Şuranın üzvü seçilir. 1 fevral 1919-cu ildə Müsavat Partiyasının səyyar bürosu – Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilən Qazax şöbəsinə sədr seçilir. Azərbaycanda bolşeviklər hakimiyyətə gələnə qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.

1920-ci ilin 28 aprelində Azərbaycan Rusiya tərəfindən işğal olunur və ilk Cümhuriyyətimiz süqut edir. May ayında F.Köçərli və digər müsavatçılar “xalqa xəyanət”, “milli nifaq törətmək”, “torpaq və mülk zəbt etmək” və digər absurd ittihamlarla həbs olunurlar. Şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnmə qərarı çıxarılır və qısa zamanda hökm icra edilir. Beləliklə, milli maarifçiliyin, mədəniyyətin inkişafı yolunda yorulmadan çalışan Firidun bəy Köçərlinin də ömrü ən məhsuldar çağında yarıda kəsilir.

1925-ci ildə F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabının I hissəsi, 1926-cı ildə isə II hissəsi çap edilir. Kitabda ilk dəfə olaraq yüzdən artıq ədib və şairin bədii irsi, böyük bir hissəsinin isə bioqrafiyası verilib. Adı keçən müəlliflərin yaradıcılıqları haqqında Firidun bəyin mülahizələri yer alıb. Uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı isə müxtəlif illərdə təkrar-təkrar çap edilib.

2013-cü ildə dövlət başçısının müvafiq sərəncamına əsasən, böyük maarifçinin 150 illiyi geniş qeyd olunub. Hazırda Respublika Uşaq Kitabxanası ədibin adını daşıyır.

Savalan Fərəcov