Orta əsr yaşayış yeri

 

Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Onlardan biri Kürdəmir rayonunun Ərəbqubalı kəndi yaxınlığında yerləşir. Keçən əsrin 70-ci illərində şoranlaşmanın qarşısını almaq məqsədilə meliorativ tədbirlər görülərkən və pambıq əkini üçün sahələr şumlanarkən kənd ərazisində çoxsaylı maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Dövlət qeydiyyatında olan arxeoloji abidə hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən qorunur. Lakin ərazi əhaliyə verilmiş pay torpaqlarına düşdüyünə görə mühafizə işində müəyyən çətinliklər var. İdarənin əməkdaşları müntəzəm olaraq əhali ilə görüşlər keçirir, məlumatlandırma işləri aparırlar.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev abidə haqqında danışarkən bildirib ki, 50 hektara yaxın sahəni əhatə edən “Şəhərgah” yaşayış yeri Bakı-Kürdəmir avtomobil yolundan 14 kilometr cənubda, Girdiman çayının Kür çayına töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidədir. Yaxın keçmişə qədər “Şəhərgah”ın şimal tərəfindən Qarasu çayı keçirmiş. 2010-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən ərazidə kəşfiyyat xarakterli axtarışlar aparılıb. Qazıntı işləri ilə paralel olaraq ərazinin topoqrafiyası, ətrafdakı yaşayış məntəqələri ilə mümkün əlaqələri öyrənilib.

Tarixən insanlar yaşayış məntəqələri salarkən su mənbələri olan ərazidə yer seçirdilər. Bu cəhətdən “Şəhərgah”ın Kür, Girdiman və Qarasu çaylarının qovşağında salınması təsadüfi deyil.

V.Aliyev qeyd edib ki, ötən əsrin 50-ci illərindən etibarən şərq-qərb istiqamətində qazılmış dərin kanal və şimal-cənub istiqamətində qazılmış xəndəklər ərazini bir neçə hissəyə bölüb. Həmin kanal və xəndəklər qazılarkən və sonralar onların içərisi təkrar-təkrar təmizlənərkən “Şəhərgah”ın tarixini özündə əks etdirən tikinti və istehsalat qalıqları, habelə digər maddi mədəniyyət nümunələri üzə çıxıb. Kanal və xəndəklərdən XII-XIII əsrlərə aid çoxlu maddi mədəniyyət nümunələri toplanılıb.

Ekspedisiya tərəfindən ərazinin yerüstü parametrləri diqqətlə öyrənildikdən sonra abidənin cənub-qərb tərəfində, kanal keçən ərazidən təqribən 50-60 metr şimalda yoxlama qazıntısı qoyulub. Yerüstü materialların çoxluğu və rəngarəngliyi həmin ərazidə tikinti və istehsalat ocaqlarının sıxlığından xəbər verib. Öyrənilən sahədə dərinlik 35-40 santimetrə çatdıqda ayrı-ayrı nöqtələrdə bişmiş kərpicdən hörülmüş divar qalıqları üzə çıxıb. Qazıntı sahəsi tədricən divar qalıqlarının çıxdığı istiqamətlərə doğru genişləndirilərək 160 kvadratmetrə çatdırılıb. Dərinə düşdükcə tikintinin ümumi mənzərəsi də tam şəkildə aydınlaşıb. Nəticədə 5 otaq, 9 vanna, 2 buxarı, 1 ocaq-kürə və 3 qapı yeri olmaqla hamam kompleksi aşkar edilib. Kiçikmiqyaslı arxeoloji qazıntılar nəticəsində əldə olunan  maddi mədəniyyət qalıqları Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Tapıntılar əsasən daş, dəmir, mis, şüşə və gildən hazırlanmış əmək alətləri, məişət və bəzək əşyalarından ibarətdir. “Şəhərgah”ın bütün əlamətlərinə görə Azərbaycanın mühüm Orta əsr şəhərlərindən biri olduğu şübhəsizdir...