Erkül Puaro roluna görə

 

Tanınmış britaniyalı aktyor Devid Suşe Aqata Kristinin məşhur romanının qəhrəmanı – detektiv Erkül Puaro obrazına görə cəngavər rütbəsi alıb. “Cəngavər bakalavr” ordeninin təqdimat mərasimi Vindzor qəsrində keçirilib.

Dramaturgiya və xeyriyyəçilik sahəsində xidmətlərinə görə aktyora ordeni Kembric hersoqu şahzadə Vilyam təqdim edib.

Suşe öz təəssüratlarını sosial şəbəkədə paylaşıb: “Kembric hersoqu bu gün Vindzor qəsrində məni cəngavər elan etdikdən sonra qürur hissi keçirir və bir qədər də sıxılıram”.

Qeyd edək ki, britaniyalı aktyorun karyerası 1960-cı illərdə televiziya şouları və seriallarda görünməsi ilə başlayıb. Aktyor Aqata Kristinin əsəri əsasında çəkilən serialda (1989-2013) detektiv Erkül Puaro rolu ilə dünya şöhrəti qazanıb.

David Suşe Britaniya Kino və Televiziya Sənəti Akademiyasının üzvü və beş dəfə BAFTA mükafatına namizəd olub.

Cavid