Ötən ili Nikolay Nekrasovun əsəri əsasında hazırlanmış “Sələmçi” tamaşasının premyerası ilə başa vuran Ağdam Dövlət Dram Teatrının 2022-ci il repertuar planı da rəngarəngdir. Bu il kollektiv dörd tamaşanı teatrsevərlərə təqdim etmək niyyətindədir.

Artıq ilk nümunənin məşqləri başlayıb. Əli Əmirlinin “Onun iki qabırğası” pyesi teatrın baş rejissoru Kərim Həsənovun quruluşunda səhnələşdirilir. Tamaşanın gələn ay təqdim olunması nəzərdə tutulub.

Sənət ocağı Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”ına da yer ayırıb. Səhnə əsərinə gənc rejissor Səbuhi Əhmədov quruluş verəcək.

Üçüncü rübün planına daxil edilən Sahib İbrahimlinin “Bir ovuc torpaq” əsərinə isə aktyor-rejissor Elmir Hümbətov səhnə həlli verəcək.

Anton Çexovun “Albalı bağı” pyesini ağdamlı teatrsevərlər üçün səhnələşdirməyi düşünən yaradıcı heyət (quruluşçu rejissor – Kərim Həsənov) nümunəni bu ilin sonuna tamaşaçı önünə çıxaracaq.