UNCOPA müəmması

 

Redaksiyadan

Son vaxtlar ölkəmizdə ayrı-ayrı özəl təsisatlar, ictimai qurumlar, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif təyinatlı, bəzən isə təyinatı da, məqsədi də, seçim-təltif meyarları da, yumşaq desək, sual doğuran mükafatların elan olunmasının, təmtəraqlı təqdimatlarının şahidi olur, xəbərlərini eşidirik. Bu sırada adında, təşkilati şəbəkəsində “beynəlxalq miqyas” olan təsisatlar xüsusilə diqqət çəkir.

Bir neçə il əvvəl “Beynəlxalq Avropa Nəşr Mətbuat Evi” adlı qurumun medal təqdimatı xəbərlərini oxuyanda ilk adı diqqətimizi çəkmişdi. Sonra məlum oldu ki, AMEA-nın əməkdaşı Şöhrət Səlimbəylinin (ötən il dünyasını dəyişib, Allah rəhmət eləsin) rəhbəri olduğu qurumun Avropası, sadəcə, adındadır. Axır günlər isə adı Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə bir yerdə hallanan UNCOPA deyilən təsisatın mükafatları xəbər mövzusu olub. İş o yerə çatıb ki, BMT-nin Azərbaycandakı Nümayəndəliyindən bununla bağlı açıqlama yayılıb... Müxtəsəri, bu “beynəlxalq mükafatlar” geniş araşdırılası məsələdir və mövzuya qayıdacağıq...

***

İnsanın əsas məqsədlərindən biri də öz karyerasında uğurla addımlamaqdır. Peşəsini sevənlər daim öz üzərində çalışır, bilik və bacarıqlarını artırmaq üçün əlindən gələni edir. Qazandığı uğurun qarşısında insanın qiymətləndirilməsi hər kəsin arzusudur. Öz uğuruna qəlb rahatlığı ilə sevinmək isə əvəzsiz hissdir. Çünki təltif edilmək yeni nailiyyətlər üçün əlavə stimul olur, məsuliyyətimizi daha da artırır. Amma bu, gerçək qurum və onun real mükafatları olarsa...

Bəzən müxtəlif sahələrdə çalışan insanları qiymətləndirən qurumlar mətbuatda və media orqanlarında hansısa mötəbər təşkilatın təmsilçisi kimi qələmə verilir. Belə qurumlardan biri də adı “United Nations Council for Public Awards – UNCOPA”  kimi təqdim edilən təsisatdır.

Mətbuatda BMT-nin mükafat verən şurası kimi qeyd olunan bu qurum Azərbaycanın da tanınmış elm, mədəniyyət və incəsənət xadimlərini, həmçinin iş adamlarını müxtəlif nominasiyalar üzrə təltif edib.

Qeyd edək ki, BMT-nin ictimai və dövlət xidməti üzrə mükafatı, həqiqətən, mövcuddur və ingiliscə belə adlanır: United Nations Public Service Awards – UNPSA (Birləşmiş Millətlər İctimai Xidmət Mükafatları). Yeri gəlmişkən deyək ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2003-cü ildə 23 iyun tarixi dövlət qulluqçularının peşə bayramı – “Dövlət xidməti günü” elan edilib. BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən müvafiq mükafatların da dövlət xidmətinin rolunun, nüfuzunun artırılması işinə töhfələrə görə bu əlamətdar gündə verilməsi müəyyən edilib. Milli və sub-milli səviyyələrdə bütün ictimai təşkilatlar (agentliklər), habelə dövlət-özəl tərəfdaşlıqları və xarici dövlət xidməti funksiyalarını yerinə yetirən təşkilatlar sözügedən mükafat üçün namizədliklərini verə bilərlər. Müxtəlif inkişaf səviyyələri və gəlirləri olan ölkələrdən alınan nominasiyalar üzrə rəqabət mühitini bərabərləşdirmək üçün Dövlət Xidməti Mükafatlarının verilməsi üçün Afrika, Asiya və Sakit Okean, Avropa, Şimali Amerika, Latın Amerikası və Karib hövzəsi və Qərbi Asiya regionları müəyyən olunub.

Təşkilata müraciət prosesi iki mərhələdən ibarətdir. İlk olaraq ərizə forması onlayn şəkildə doldurulmalıdır. Namizədlərin müraciəti mütləq BMT-nin altı rəsmi dilindən (ərəb, çin, ingilis, fransız, rus və ispan) birində təqdim olunmalıdır. Müraciətləri qəbul etdikdən sonra təşkilatın Dövlət qurumları və rəqəmsal hökumət şöbəsi (DPİDG) nominasiyaları əvvəlcədən seçir. Namizədlərin arayış məktubları, təsdiqedici sənədlər kimi əlavə məlumatları təqdim etmələri xahiş olunur. Sonra namizədlərin qısa siyahısını təqdim edir. Bu siyahı BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsi tərəfindən nəzərdən keçirildikdən sonra mükafatların qalibləri ilə bağlı Baş katibə müraciət olunur...

BMT-nin Dövlət Xidməti Mükafatlarının qalibləri hər il 23 iyun – Dövlət xidməti günündə Nyu-Yorkda, təşkilatın mənzil-qərargahında və ya Dövlət Xidmətləri Forumunun bir hissəsi olaraq ev sahibi ölkədə keçirilən yüksək səviyyəli tədbirdə elan edilir.

Göründüyü kimi, BMT-nin mükafat verən təşkilatı rəsmi olaraq UNPSA-dır və onun təltifinə layiq görülmək elə də asan proses deyil.

Bəs BMT ilə adı hallanan və mətbuatda yer alan xəbərlərdə BMT-nin mükafatlarını təqdim edən qurum kimi qeyd olunan UNCOPA ilə bağlı vəziyyət, əslində,  necədir? Bu təşkilat haqqında araşdırma apararkən bu bir cümlədən və verilən mükafatların fotolarından başqa əlavə məlumat tapa bilmədik: “UNCOPA İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur”.

Mükafatlara diqqət yetirərkən bir sıra məqamlar diqqətimizi çəkdi. Təltif vərəqinin sağında yuxarıda BMT-nin məlum rəsmi emblemi əks olunub. Sonda isə təltif edən şəxsin (Mehmet Şükrü Güzel) imzası yer alıb. Mükafatlar əsasən dünya şöhrətli elm, incəsənət xadimlərinin adı ilə verilir. Məsələn, alman filosof, riyaziyyatçı Qotfrid Vilhelm Leybnis, italyan rəssam, heykəltəraş Leonardo Da Vinci, İsveçrə riyaziyyatçısı Leonard Eyler və s.

UNCOPA barədə araşdırma apararkən BMT-nin Azərbaycandakı Nümayəndəliyinə də müraciət edib təşkilatın belə bir qurumunun olub-olmadığını xəbər aldıq. Nümayəndəlikdən onların da bu qurum haqqında heç bir məlumata sahib olmadıqlarını bildirdilər.

İki gün öncə isə BMT-nin Azərbaycandakı Nümayəndəliyi İnformasiya mərkəzinin rəhbəri Rəşad Hüseynov sosial şəbəkə hesabından bununla bağlı açıqlama paylaşdı:  “Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur...”.

R.Hüseynov bildirib ki, bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər: “Sadəcə, bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur... Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi İnformasiya mərkəzinin rəhbəri qeyd edib ki, ictimaiyyət UNCOPA-nın mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı (UN Public Service Awards) ilə səhv salır. Azərbaycanda BMT-nin Dövlət Xidmətləri Mükafatına yalnız “ASAN Xidmət” layiq görülüb.

Bu arada öyrəndik ki, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının qurucu prezidenti, professor Elçin İsgəndərzadə həm də UNCOPA-nın Azərbaycan təmsilçisi imiş. Elçin müəllimlə əlaqə saxlayıb təmsil etdiyi qurum haqqında məlumat aldıq. O da UNCOPA-nın BMT ilə heç bir əlaqəsinin olmadığını dedi: “UNCOPA 1996-cı ildə yaradılıb. Təşkilat İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərir. Quruma 15 ildən artıqdır ki, Mehmet Şükrü Güzel rəhbərlik edir. Qurum dünyada insanlığa xidmət göstərən şəxslərin əməyini dəyərləndirir, müxtəlif fəxri adlar, orden və medallarla təltif edir. Bunun da məqsədi həmin insanların fəaliyyətini müxtəlif ölkələrdə nümunə kimi təbliğ və təşviq etməkdir. 2009-cu ildən həm ölkəmizdə, həm də onun sərhədlərindən kənarda fəaliyyət göstərən 30 nəfərə yaxın müxtəlif peşə sahibi olan azərbaycanlı – dövlət, elm, mədəniyyət, incəsənət, təhsil xadimləri, iş adamları və digərləri bu qurumun müxtəlif nominasiyaları üzrə təltif olunub...”.

Qurumun mükafatında BMT-nin rəsmi embleminin əks olunmasına münasibət bildirən Elçin İsgəndərzadə bildirdi ki, UNCOPA yarandığı gündən BMT-nin məramlarını özü üçün əsas hədəf seçib. Fəaliyyətini həmin istiqamətdə qurduğu üçün təltif vərəqində BMT-nin emblemi yer alır.

Sonda belə bir nəticəyə gəlmək olur ki, bizi mükafata layiq bilən bəzi qurumları daha dərindən araşdırmalı, gerçək uğurlarımıza adekvat olub-olmadığına diqqət yetirməliyik. Əks halda nailiyyətimizə qəlb rahatlığı ilə sevinə bilməyəcəyik... 

Nurəddin