Axtarış-araşdırma işlərində dronlardan da istifadə ediləcək

 

“Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərdən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızla bağlı Dövlət Komissiyasına, o cümlədən aidiyyəti dövlət qurumlarına müraciətlərin sayı artıb”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdəki məzar yerlərində müvafiq işlərin aparılmasına ilk günlərdən hazırlaşmağa başlayıb: “İctimaiyyətin marağını nəzərə alaraq diqqətə çatdırıram ki, bu sahədə vəziyyət təhlil edilib və ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət xüsusi heyət yaradılıb.

Heyətə Dövlət Komissiyasının İşçi qrupu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri daxildir”.

İsmayıl Axundov diqqətə çatdırıb ki, heyətin qarşısında duran əsas vəzifə Dövlət Komissiyasında toplanmış və gələcəkdə əldə ediləcək məlumatlar əsasında axtarış işlərinin aparılmasından, məzar yerlərinin müəyyən edilməsindən, ekshumasiya (meyitin və ya nəşin qalıqlarının məzardan çıxarılması) və eyniləşdirmə işlərinin aparılmasından ibarətdir.  Axtarış işlərinin aparılması üçün ən müasir texnologiyaların tətbiqi də nəzərdə tutulur. Bu məqsədlə artıq dünyada mövcud olan müvafiq dron texnologiyasından istifadə edilməsi üçün hazırlıq işləri aparılır. Dövlət Komissiyası sədrinin göstərişi ilə artıq bu texnologiya alınaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Şuşanın Daşaltı kəndində aparılıb. İşçi qrupunun rəhbəri diqqətə çatdırıb ki, 1992-ci il yanvarın 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb. O qeyd edib ki, 2021-ci ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış-araşdırma keçirilib və məhz həmin əməliyyat zamanı həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilib. Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq.