Xəbər verdiyimiz kimi, yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Azərbaycan kinosu həftələri” keçirilir.

XTNS-nin mətbuat xidmətindən verilən məlumata görə, pavilyonun qonaqları fevralın 20-dək, bir ay ərzində hər həftəsonu (şənbə-bazar günləri) Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərini izləmək imkanı əldə edirlər. Kino həftələri çərçivəsində Arif Babayev, Eldar Quliyev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Anar, Yuli Qusman və başqa tanınmış rejissor və ssenaristlərin filmləri nümayiş etdirilir.

 “Azərbaycan kinosu həftələri”nin proqramına uyğun olaraq “Gün keçdi”, “Qorxma, mən səninləyəm”, “Ad günü”, “Bir cənub şəhərində”, “İstintaq”, “Qayınana”, “Arşın mal alan”, “Şərikli çörək” və “Gecə qatarında qətl” filmləri yer alıb. Ayrı-ayrı filmlərdə əsas rollarda Aleksandr Kalyagin, Lev Durov, Muxtarbəy Kantemirov kimi tanınmış Rusiya aktyorları da çəkiliblər.

Artıq proqram üzrə yanvarın 22-də “Gün keçdi”, 23-də isə “Qorxma, mən səninləyəm!” filmlərinin nümayişi reallaşıb.

Yanvarın 29-da “Ad günü”, 30-da “Bir cənub şəhərində”, fevralın 6-da “İstintaq”, 12-də “Qayınana”, 13-də “Arşın mal alan”, 19-da “Şərikli çörək”, fevralın 20-də, layihənin son günündə isə “Gecə qatarında qətl” ekran əsərləri nümayiş olunacaq.