“Azercell”in prezidentinə “Nizami Gəncəvi – 880” xatirə nişanı təqdim edilib

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yanvarın 25-də “Azercell” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüş keçirib. Görüş zamanı Elnur Əliyev “Azercell”in 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirib.

2021-ci ildə “Azercell”in dəstəyi ilə Nizami Gəncəvinin əsərlərindən seçilmiş 100-dən çox fəlsəfi və lirik məzmunlu parça audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar “Azercell”in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib.

Həmçinin şirkət tərəfindən Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn olunub. Əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir. Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasından Bəhram şahı, “F” hərfi Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.

Görüşdə Elnur Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Mədəniyyət nazirinin birinci müavini “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açıb. Vurğulayıb ki, xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir.

Daha sonra Elnur Əliyev Mədəniyyət Nazirliyinin dahi şairin yubileyi münasibətilə təsis etdiyi “Nizami Gəncəvi – 880” xatirə nişanını “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalovaya təqdim edib.