Bölgələrin mədəniyyət müəssisələrində “Şuşa İli” münasibətilə müxtəlif səpkili tədbirlər keçirilir, 270 yaşlı şəhərimizin milli-mədəni yaddaşımızdakı yerinə bir daha nəzər salınır. 

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Balakən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Nizami adına tam orta məktəbin II sinif şagirdlərinin iştirakı ilə “2022-ci il “Şuşa İli” başlıqlı tədbir keçirilib. Kitabxananın biblioqrafı Rəna Dibirova məktəbliləri eyniadlı sərgi ilə tanış edib, Şuşa şəhərinin tarix və mədəniyyətimizə, ədəbiyyat və elmimizə bəxş etdiyi şəxsiyyətlər haqqında məlumat verib.

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhər istirahət parkında “Şuşa şəhərinin 270 illiyi – mədəniyyət paytaxtımızın şanlı tarixi” adlı səyyar sərgi təşkil edib. Sərgidə müxtəlif başlıqlarda 120-dən çox nəşr nümayiş olunub.

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şuşanın tarixi abidələri” adlı sərgi təşkil olunub. Sərgidə qədim şəhərimizdəki tarixi, mədəni və dini abidələrin fotoları və onların haqqında məlumat təqdim edilib.

Kürdəmir RMİ İmişli rayon Mədəniyyət Mərkəzində “Şuşa İli” ilə bağlı tədbir keçirilib. Tədbirdə “Şuşaya gedən yol: Qələbəni gətirən hərbi əməliyyatlar” adlı sənədli film nümayiş olunub.

Nurəddin