Kompleksdə orta məktəb, uşaq bağçası, tibb və poçt məntəqələri var

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində məktəb olmadığından uşaqlar yaxın ərazilərdəki tədris müəssisələrinə getmək məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub. Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazidə istirahət parkı da salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi hazırlıq və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib.

Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası mebel və avadanlıqlarla təchiz edilib, həyətyanı ərazidə oyun və idman meydançası salınıb.

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi də inşa edilib.

Qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu dövlət başçısının konseptual təhsil strategiyasına töhfə verir.