Yanvarın 27-də ADA Universitetində Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” adlı tədbir keçirilib.

BMT-nin Azərbaycan Nümayəndəliyi, İsrailin, Niderlandın ölkəmizdəki səfirliklərinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, Milli Məclisin deputatları, rəsmilər, digər qonaqlar iştirak ediblər.

Tədbirin açılışında BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqində bu gün də dünyada ksenofobiyanın davam etdiyini bildirərək, keçmişdə baş vermiş hadisələrin təkrarlanmaması üçün hər kəsi Holokost qurbanlarını, həmin dəhşətlərlə bağlı həqiqətləri unutmamağa və yeni nəslə çatdırmağa çağırıb. O, Azərbaycanda Holokost qurbanlarının xatirəsinin yad edilməsini, həmçinin ölkəmizin bu cür əməllərə və antisemitizmə qarşı mübarizə istiqamətində səylərini vurğulayıb. Azərbaycanın Birləşmiş Təşkilatı Millətlər Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, eləcə də ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini bildirən Vladanka Andreeva ölkəmizin hər zaman mədəniyyətlərarası dialoq və dini tolerantlığa önəm verdiyini qeyd edib.

Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunmuş Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib. Səfir bu günün həm də Holokostla mübarizə aparmış bütün şəxslərə, o cümlədən azərbaycanlılara həsr olunduğunu vurğulayıb.

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin əhəmiyyətindən bəhs edərək keçmişdə baş verən bu kimi dəhşətli hadisələrin gələcəkdə təkrarlanmasının qarşısının alınmasında tarixi yaddaşın mühüm rol oynadığını deyib. O, həmçinin BMTM tərəfindən nəşr olunan, ermənilərin Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasətindən bəhs edən “Ermənistanda Azərbaycanafobiya” adlı hesabatı da diqqətə çatdırıb.

Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema bu önəmli tədbirin Bakıda keçirilməsinə görə öz təşəkkürünü bildirib. Səfir yanvarın 24-dən 30-dək Holokost qurbanlarının beynəlxalq anım günü münasibətilə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, İsrailin və Niderlandın Azərbaycandakı səfirliklərinin birgə sosial media kampaniyası keçirdiyini vurğulayıb.

Holokost faciəsindən qurtulmuş Azərbaycan vətəndaşı Lev Zaxaroviç Şvarts bu dəhşətli hadisə ilə bağlı xatirələrini bölüşüb. Əslən Ukraynadan olan, hazırda Bakıda yaşayan Şvarts nasist Almaniyasının tamamilə yox etdiyi 3 min nəfərdən ibarət yəhudi icmasının hekayəsini danışıb. O qeyd edib ki, ailəsi Holokost dəhşəti ilə üzləşsə də, özü möcüzə nəticəsində ölümdən xilas ola bilib.

Daha sonra panel müzakirəsində antisemitizm, ksenofobiya və irqçilik meyillərinin törətdiyi təhlükələrə qarşı mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparılıb.