Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatrşünas, rejissor Şaiq Səfərov yanvarın 27-də, 68 yaşında vəfat edib.

Şaiq Cabir oğlu Səfərov 1954-cü il dekabrın 18-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini bitirib. Müxtəlif illərdə Gəncə Dövlət Dram, Sumqayıt Dövlət Dram, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında çalışıb.

Şaiq Səfərov bir müddət Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsində Teatr sektorunun müdiri olub. 2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Beynəlxalq Teatr Konfransının və 2011, 2013-cü illərdə Beynəlxalq Kukla Teatrları Festivalının keçirilməsi ilə bağlı hazırlıq, təşkilati işlər böyük ölçüdə Şaiq Səfərovun adı ilə bağlıdır. O, həmçinin dəfələrlə Azərbaycanı xarici ölkələrdə teatr simpoziumlarında, treninq və seminarlarda layiqincə təmsil edib.

Bir neçə dil bilən teatr xadimi tərcüməçiliklə də məşğul olub, dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini dilimizə çevirib.

Şaiq Səfərovun xatirəsi onu tanıyan sənətsevərlərin və həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.