Azərbaycan

5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 – 13.5.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, digər musiqi əsərlərinin müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb. 30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

5 fevral 1942 – Teatr xadimi Ağakərim Səftər oğlu Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

5 fevral 1948 – Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, rübai, poema, dram əsərlərinin müəllifidir.

5 fevral 1963 – Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

6 fevral 1924 – Xalq artisti Firəngiz Abbas Mirzə qızı Şərifova (1924 – 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.

6 fevral 1927 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 – 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində doğulub. 1977-ci ildən yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Türkan qəsəbə Mədəniyyət evi sənətkarın adını (2017-ci ildən) daşıyır.

 

7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 – 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

7 fevral 1922 – Görkəmli rəssam, qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (22.1.1892 – 1922) vəfat edib. Naxçıvanda doğulub. Əsərlərində doğma torpağı vəsf edib. “Qaçqınlar” silsiləsi ermənilər tərəfindən yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.

7 fevral 1959 – Azərbaycanın ilk mədəniyyət naziri (1953-1955), filoloq, Əməkdar müəllim Məmməd Həmid oğlu Ələkbərli (1899-1959) vəfat edib.

 

8 fevral 1928 – Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov (1928 – 23.3.2020) Bakıda doğulub. “Gülüstan” sarayının layihəsinə görə respublika Dövlət mükafatına (1982) layiq görülüb. Azərbaycan Memarlar İttifaqı sədrinin birinci müavini olub.

 

8 fevral 1929 – Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov (1929 – 20.1.2002) Bakıda doğulub. Kino rəssamı kimi tanınıb, 20-dən çox filmə (“Səhər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.

8 fevral 1992 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub.

8 fevral 2018 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (7.11.1945 – 2018) vəfat edib.  Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında, filmlərdə maraqlı obrazlar yaradıb.

 

Dünya

 

5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.

5 fevral 1914 – Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs; 1914-1997) anadan olub.

 

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.

6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

 

7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.

7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis; 1885-1951) anadan olub.

7 fevral 1929 - Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 – 17.8.2008) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.

 

8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 - 24.3.1905) anadan olub. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.

8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qaraqulaq ağ Bim” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan