Şərq ölkələrinin ay təqvimi ilə fevralın 1-də 2022-ci il başlayıb. Yeni ilin başlaması xüsusilə Çində böyük təmtəraqla qeyd olunur. Çin zodiak sisteminə əsasən, 2022-ci il Pələng ilidir.

Çində yeni ilin gəlişi həm də yaz festivalı kimi qeyd olunur. Festival bir çox ənənələri, ayinləri ilə zəngindir və mədəni irsi, Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır. COVİD-19 pandemiyası səbəbindən artıq üçüncü ildir Çində kütləvi bayram şənlikləri təşkil olunmur. Buna baxmayaraq, əhali bayram əhvali-ruhiyyəsindədir.

Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri isə bir ayadək davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək səyahətə çıxırlar. Amma pandemiya səbəbindən bu il də səyahətlər ölkə daxilində və məhdud miqyasda olacaq.