Azərbaycan

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

9 fevral 1924 – Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakıda anadan olub. Cəlil Məmmədquluzadənin (Naxçıvan), Cəfər Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935-2006) Bakıda doğulub. Bədii portretlər, plakatlar çəkib. Rəssamlar İttifaqında plakat bölməsinin rəhbəri olub.

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) Göyçayda anadan olub. “Aldanmış kəvakib” satirik operasının müəllifidir.

9 fevral 1937 – Kinorejissor Ramiz Paşa oğlu Əsgərov (1937 – 27.7.1967) anadan olub. “Mən ki gözəl deyildim” filminin rejissorlarından biridir, filmin çəkilişi zamanı həlak olub.  

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. Detektiv əsərlərin müəllifidir: “Brilyant məsələsi”, “Sahil əməliyyatı” (əsər əsasında “İstintaq davam edir” filmi çəkilib), “Qara “Volqa” və s. 

10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995) Qəbələdə doğulub.

10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928-1994) Gədəbəydə anadan olub. Opera və Balet Teatrında çalışıb.

10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

10 fevral 2021 – Əməkdar artist, aktyor Əlican Süleyman oğlu Əzizov (13.2.1952 – 2021) vəfat edib.

 

11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.

11 fevral 1920 – Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2003) Bakıda anadan olub.

11 fevral 1929 – Tarixçi alim, Əməkdar elm xadimi, akademik Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.

11 fevral 1930 – Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı (1930-2018) Bakıda anadan olub. C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru işləyib.

11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. “Fortepiano sonatası”, “Anlar və impulslar”, “Neqativlər” fortepiano pyesləri və s. əsərlərin müəllifdir. Bakı Musiqi Akademiyasında dərs deyib.

11 fevral 1981 – Xalq artisti, görkəmli aktyor Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 – 1981) vəfat edib. 1921-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

11 fevral 2012 – Xalq artisti, tanınmış bəstəkar Elza İmaməddin qızı İbrahimova (10.1.1938 – 2012) vəfat edib. “Yanan laylalar” operasının (libretto – Ramiz Heydər), populyar mahnıların, romansların müəllifidir.

 

Dünya

 

9 fevral 1441 – Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 – 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.

9 fevral 1881 – Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 – 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

 

10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1958) laureatı Boris Leonidoviç Pasternak (1890-1960) anadan olub.

10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898-1956) anadan olub.

 

11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.

11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900-2002) anadan olub.

Hazırladı: Vüqar Orxan