Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

297 il əvvəl...

11 fevral 1725-ci ildə Rusiya Xarici İşlər Kollegiyası işğal olunmuş Xəzərətrafı ərazilərdə erməni əhalisinin yerləşdirilməsi barədə fərman verib. Bu, Rusiyanın ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin ilk addımı idi. Üç gün əvvəl ölən çar I Pyotr sələflərinə bunu vəsiyyət etmişdi.

 

259 il əvvəl...

10 fevral 1763-cü ildə Britaniya, Portuqaliya, Fransa və İspaniyanın iştirak etdiyi “Yeddi illik müharibə” (1756-1763) başa çatıb. Paris sülh müqaviləsinə əsasən, Fransa Kanada üzərində idarəçiliyi Britaniyaya, Kubanı isə İspaniyaya təhvil verməli oldu. Öz növbəsində Britaniya Filippini İspaniyaya verdi, əvəzində Floridanı (ABŞ-ın gələcək ştatı) əldə etdi.

 

227 il əvvəl...

9 fevral 1795-ci ildə Rusiya çarı III Pyotrun fərmanı ilə Rusiya-Türkiyə müharibəsi nəticəsində Qara dəniz sahilində ələ keçirilmiş Hacıbəy limanının adı dəyişdirilərək Odessa qoyulub.

 

204 il əvvəl...

11 fevral 1818-ci ildə İspaniyanın müstəmləkəsi olan Çili müstəqilliyini elan edib.

 

194 il əvvəl...

10 fevral 1828-ci ildə Rusiya ilə İran arasında müharibənin (1826-1828) yekunlarına dair Türkmənçay müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813-cü il) ilə Şimali Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.

 

193 il əvvəl...

11 fevral 1829-cu ildə Türkmənçay müqaviləsinin birinci ildönümündə Rusiyanın Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.

 

98 il əvvəl...

9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti yaranmışdı. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə (1921-ci ilin Moskva və Qars müqavilələri) bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbitləndi. 1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı.

 

63 il əvvəl...

11 fevral 1959-cu ildə Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın (Kiprin faktiki metropoliyası), habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, bir il sonra Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başlandı.

 

43 il əvvəl...

11 fevral 1979-cu ildə İranda İslam inqilabı qələbə çalıb. İran İslam Cümhuriyyətinin yarandığı elan olunub. Fransadan mühacirətdən İrana qayıdan Ayətullah Xomeyni dövlətin ali rəhbəri olub.

 

30 il əvvəl...

11 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər. 28 il erməni işğalı altında qalan kəndlər İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

 

24 il əvvəl...

10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilib. Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi qanun layihəsi Milli Məclisdə qəbul olunub. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu humanist addımı atdı.

Hazırladı: V.Orxan