Koronavirusun kökünü kəsmək mümkünsüzdür, amma ümid var ki, yaxın vaxtlarda COVİD-19 məhdudiyyətlərindən imtina etmək mümkün olacaq.

Bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Biz bu virusun kökünü heç cür kəsə bilmərik... Amma mən ümid edirəm ki, vaxt gələcək, yetərincə insanlar peyvənd olunaraq əvvəlki infeksiyalardan müdafiə əldə edəcək və COVİD məhdudiyyətləri keçmişdə qalacaq”, - deyə o, bildirib. Onun fikrincə, hər amerikalıya müntəzəm vaksinasiya lazım gəlməyəcək: “Əgər siz 30 yaşında sağlam insansınızsa, sizə təkrar vaksinasiya dörd və ya beş ildən bir lazım ola bilər...”.

Bu arada dünya üzrə COVİD-19 ilə bağlı rəsmi məlumatların statistikasını aparan “Worldometer” saytı yeni rəqəmləri açıqlayıb. Sayt xəbər verir ki, fevralın 10-da dünyada  koronavirusa yoluxanların ümumi sayı 405 milyona çatıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5,8 milyona yaxınlaşıb. Gündəlik yoluxma sayı 2,7 – 3 milyon arasındadır.

ABŞ pandemiyanın başlanğıcından bəri həm yoluxma, həm də virusla bağlı ölənlərin sayına görə birinci yerdədir. Birləşmiş Ştatlarda indiyədək koronavirusa 80 milyona yaxın insan yoluxub, onlardan 933 mindən çoxu həyatını itirib.

İkinci yerdə Hindistan (44 milyondan çox rəsmi təsdiq edilmiş yolxuma, 506 mindən çox ölü), üçüncü yerdə Braziliyadır (27 milyon yoluxma, 635 minə yaxın virusun qurbanı).