Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Əsgərov) fevralın 13-də,  ömrünün 93-cü ilində vəfat edib.

Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirəndən sonra “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayıb. Gənc yazarın ilk  hekayələri də o illərdə nəşr edilib.

Sonra Moskvada Ali Ssenaristlər Kurslarını bitirib, “Azərbaycanfilm” Kinostudiyasında redaktor işləyib. Fəaliyyətini “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) davam etdirən yazıçı-jurnalist uzun illər bu redaksiyada mədəniyyət şöbəsinə rəhbərlik edib. 1989-cu ildən “Sovet kəndi”, 1991-1992-ci illərdə “Həyat” qəzetinin baş redaktoru olub.

Əfqan Əsgərov bu illər ərzində istedadlı yazıçı və dramaturq kimi tanınıb. “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri, çoxsaylı hekayələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. “Sarı əlcək”, “O mənim oğlumdur”, “Qız atası”, “Gülməyən adam”, “Dağ seli”, “Tamah dişi” pyesləri teatrlarda tamaşaya qoyulub. Ədibin son böyük əsəri – “Şahlar şahı” romanı 90 illik yubileyi ərəfəsində (2019) çapdan çıxmışdı.

Allah rəhmət eləsin.