Ötən əsrin birinci yarısında sənətə gələn, milli səhnəmizin inkişafına töhfələr verən sənətkarlardan biri Xalq artisti Rəmziyyə Veysəlova olub. Görkəmli aktrisa 62 illik səhnə fəaliyyəti dövründə yerli və dünya klassiklərinin əsərlərində maraqlı və bitkin obrazlar qalereyası yaradıb.

Əslən acar olan Rəmziyyə Osman qızı Veysəlova 11 fevral 1914-cü ildə Gürcüstanda dünyaya göz açıb. Gürcüstanda sovet hökuməti qurularkən bolşeviklər tərəfindən valideynləri güllələnir, evləri müsadirə olunur. Qohumları isə Qazaxıstana sürgün edilir. Ailəyə yaxın olan Petinov soyadlı şəxs altı yaşlı Rəmziyyəni və qardaşı Neyməti Nəriman Nərimanovun yanına aparır. O, uşaqları Bakıda Bahar Ağalarovanın uşaq evinə verir. Rəmziyyə Bakıda yeni tipli qız məktəbində təhsil alır.

1929-cu ildə sənət müəllimlərinin tövsiyəsi ilə sənədlərini Bakı Teatr Məktəbinin Aktyorluq fakültəsinə verir. Sonra  Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul olunur. Əvvəllər kütləvi səhnələrə çıxır, epizodik rollar oynayır. F.Pavlovun “Çin tanrısı”nda Viyen, N.Paqodinin “Balta poeması”nda Qız, V.Kirşonun “Küləklər şəhəri”ndə Qadın, Ə.Hamidin “Hind qızı”nda Stelina, Ə.Fövzinin “Gizli əl” əsərində Əsli, H.Nəzərlinin “Yolların”da Gülbahar obrazları səhnə debütü olur. Duyğulu səsi, aydın diksiyası, səhnə plastikası və iti yaddaşı Rəmziyyə Veysəlovanın sənət uğurunda mühüm rol oynayır.

Bir müddət Şəki teatrında çalışan aktrisanın həyat yoldaşı, Gəncə teatrının baş rəssamı, Əməkdar incəsənət xadimi Bəhram Əfəndiyev (1910-1967) 1932-ci ildə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında (1940-cı ilədək müxtəlif adlarla fəaliyyət göstərib) işləməyə dəvət olunur. Beləliklə, Rəmziyyə Veysəlovanın sənət yolunu burada da davam etdirməsi üçün imkan yaranır. O, üç ilə yaxın Aşqabad səhnəsində C.Cabbarlının “Yaşar”ında Yaqut, “Od gəlini”ndə Solmaz, V.Şekspirin “Otello”sunda Dezdemona, Ş.Saminin “Dəmirçi Gavə”sində Mehriban, Ə.Hamidin “Hind qızı”nda Elampa, A.Niyazovun “Qızıl orden”ində Ceyran və digər rollarda çıxış edir. 

1934-1935-ci il teatr mövsümündə ailə Gəncə şəhərinə qayıdır. Hər ikisi burada teatr kollektivinə qəbul olunur. Bu elə bir dövr idi ki, Gəncə səhnəsinin simasına çevrilmiş Barat Şəkinskaya Bakıya getmişdi. Ona görə də Rəmziyyə Veysəlova tezliklə bu teatrın aparıcı aktrisası olur. O, qısa vaxt ərzində çoxsaylı xarakterik obrazlar yaradır. Gəncə Dövlət Dram Teatrında lirik-psixoloji üslubun yaradıcılarından və aparıcı sənətkarlarından biri kimi tanınır. Rejissorların ümidini doğruldan aktrisa fasiləsiz olaraq öz üzərində işləyir və axtarışlar aparır. Fərdi yaradıcılıq keyfiyyətini yüksəltmək üçün fədakarlıq nümayiş etdirir. Gəncə səhnəsində Sitarə, Gülsüm, Nabat, Mariya Timofeyevna və Almaz (C.Cabbarlı, “Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci ildə”, “Almaz”), Gülnar, Xuraman və Tükəzban, Məryəm (S.Vurğun, “Vaqif”, “Fərhad və Şirin”), Firuzə xanım, Kamilə, Sənubər (S.Rəhman, “Küləklər”, “Toy”, “Xoşbəxtlər”), Tükəz (M.F.Axundzadə, “Hacı Qara”), Xumar, Nina və Südabə (H.Cavid, “Şeyx Sənan”, “Səyavuş”), Mehri xanım (Ə.Haqverdiyev, “Bəxtsiz cavan”) obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanır. Rəmziyyə Veysəlova oynadığı rolları sadəcə ifa etmir, həm də obraza girərək onun xarakterini açmaq və tamaşaçını inandırmaq üçün səsinin bütün çalarlarından sənətkarlıqla istifadə edir.

Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar 1955-ci ildə “Əməkdar artist”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülür. Aktrisa 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə də təltif edilir.

Yazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli Rəmziyyə Veysəlova haqqında xatirələr kitabında yazır: “Mənim yadımdadır ki, uzun illər evimizin divarından Əşrəf Yusifzadə ilə birgə Rəmziyyə xanımın portreti asılmışdı. Onun rəsmi də həyatda olduğu kimi çox gözəl idi. Bu şəkildə onun boynundan Anna Axmatovanın boyunbağısından var idi (Anna Axmatovanın şəkillərində görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan bu boyunbağı ilə bağlı heç nə soruşmurdum. Ancaq ölümündən bir neçə ay qabaq Rəmziyyə xanım məndən xahiş etdi ki, ona kömək edib qonaq otağına aparım. Mən onu yataq otağından qonaq otağına gətirəndə o öz şəklinin qarşısında dayanıb baxdı və üzünü mənə tutub soruşdu:

– Nuşa, sən bilirsən bu boyunbağını mənə kim verib?

– Yox, – dedim.

O, söylədi ki, 1941-ci ildə alman faşistləri Moskvaya yaxınlaşanda hökumət Moskva Bədaye Teatrını Gəncəyə təxliyə etdi və bir müddət Rusiyanın böyük sənətkarları Koçalov, Ranevskaya, Knipper-Çexova və başqaları Gəncədə yaşadılar, azərbaycanlı həmkarları ilə çiyin-çiyinə işlədilər...”.

Həmin dövrdə Gəncə teatrında Lermontovun “İki qardaş” pyesi oynanılır. Rəmziyyə Veysəlova səhnədə elə parlaq oyun nümayiş etdirir ki, zalda həmkarları ilə əyləşən Olqa Knipper-Çexova öz boyunbağısını çıxarıb onun boynundan asır...

Tanınmış səhnə xadimi Rəmziyyə Veysəlova 22 avqust 1993-cü ildə, 79 yaşında Gəncə şəhərində haqq dünyasına qovuşub.

Savalan Fərəcov