Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

409 il əvvəl...

21 fevral 1613-cü ildə Rusiya boyarları çox götür-qoy etdikdən sonra Mixail Romanovu çar elan ediblər. Rüriklər sülaləsinin süqutundan (1605) sonra çar Rusiyasında başlanan dağılma prosesinin qarşısı alınıb. Romanovların üç əsr sürən hakimiyyəti 1917-ci ilədək davam etdi.

 

159 il əvvəl...

19 fevral 1861-ci ildə İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Çar Rusiyası kəndliləri ilk dəfə sərbəstlik əldə ediblər.

 

144 il əvvəl...

19 fevral 1878-ci ildə Rusiya ilə Türkiyə (Osmanlı) arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi – San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Osmanlı dövləti Balkanlar üzərində faktiki nəzarəti itirib. 

 

68 il əvvəl...

19 fevral 1954-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşov Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə bu jesti etmişdi.

 

34 il əvvəl...

20 fevral 1988-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul ediblər. DQMV-nin XDS-nin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ münaqişəsinin formal olaraq başlanğıcı sayılır.

22 fevral 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib.

 

30 il əvvəl...

20 fevral 1992-ci ildə Azərbaycanla Almaniya arasında diplomatik münasibətlər qurulub. Almaniya ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb.

21 fevral 1992-ci ildə Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurub. Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də, Fransa isə 1992-ci il yanvarın 3-də tanımışdı. Fransa Türkiyədən sonra Bakıda səfirlik açan ikinci ölkə oldu.

 

25 il əvvəl...

21 fevral 1997-ci ildə görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov Bakıda, yaşadığı binanın yanında qətlə yetirilib. Ziya Bünyadov (1923-1997) uzun illər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib, akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

Hazırladı: V.Orxan