Hindistan kino industriyasında – Bollivudda “diskoteka dövrü”nün klassiki hesab edilən tanınmış bəstəkar və müğənni Bappi Lahiri (Alokesh Lahiri) 69 yaşında vəfat edib.

Hindistan mediasının məlumatına görə, musiqiçi müalicə aldığı klinikada gecə yarısı yuxu apnesi (tənəffüsün dayanması) səbəbindən ölüb.

Bappi Lahiri hind kinosunun musiqisində diskoteka üslubunun banisi hesab olunur. O, 1970-1980-ci illərdə məşhur filmlərə musiqi bəstələyib. O cümlədən sovet məkanında milyonlarla tamaşaçı toplayan “Disko rəqqası” (1982), “Rəqs et, rəqs et” (“Disko rəqqası 2”, 1987), “Sevgi, sevgi, sevgi” (1989) kimi filmlərin musiqisinin müəllifidir. Bu filmlərdəki mahnıların bəzilərini o özü ifa edib.

Bəstəkar tez-tez “Ottawan”, “The Buggles” və “Modern Talking” kimi Qərb diskoteka qruplarının bəstələri ilə oxşarlıqda da ittiham olunub. Lakin bu, onun musiqisinin Hindistanda, bir çox Asiya ölkələrində, eləcə də keçmiş SSRİ-də və Şərqi Avropada böyük populyarlığına mane ola bilməyib.