Azərbaycan

 

19 fevral 1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) anadan olub. Dövlət Rus Dram Teatrında (1935-1950) aktrisa kimi fəaliyyət göstərib.

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921-1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.

19 fevral 1948 – Əməkdar rəssam, pedaqoq Fikrət Məmməd oğlu Həşimov (1948 – 8.2.2022) Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.

19 fevral 1949 – Ədəbiyyatşünas, mədəniyyət xadimi, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov (1949 – 14.4.2021) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. S.Vurğunun yaradıcılığı, Tiflis Azərbaycan teatrının, Azərbaycanda muzey işinin tarixi ilə bağlı tədqiqatların müəllifidir.

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

20 fevral 1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

20 fevral 1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925 – 13.1.1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

20 fevral 1928 – Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır” və s. Rus poeziyasından tərcümələr edib.

20 fevral 1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935-2013) anadan olub.

20 fevral 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938-1996) anadan olub.

20 fevral 1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890-1957) vəfat edib. Uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib.

20 fevral 1960 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) anadan olub. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

20 fevral 1980 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin (heykəltəraşlar – Tokay Məmmədov və İbrahim Zeynalov) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.

20 fevral 1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. Simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir.

20 fevral 2014 – Xalq artisti, tanınmış teatr və kino aktrisası Firəngiz Abbas Mirzə qızı Şərifova (6.2.1924 – 2014) vəfat edib.

20 fevral 2021 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (12.12.1936 – 2021) vəfat edib. Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

 

21 fevral 1906 – Əməkdar incəsənət xadimi, kinorejissor Həbib Ələkbər oğlu İsmayılov (1906 – 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda xüsusi yeri olan “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (1921 – 3.11.2007) Bakının Fatmayı kəndində doğulub. Tematik tablolar, portret əsərlərin müəllifidir, teatr tamaşalarına bədii tərtibat verib.

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə (1921 – 20.12.2014) Xızıda, yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “1937-ci il  repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir. 

 

22 fevral 1869 – Görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (1869 – 4.1.1932) Naxçıvanda doğulub. Realist hekayələri, povest (“Danabaş kəndinin əhvalatları”) və dram əsərləri (“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”) ilə milli ədəbiyyata misilsiz töhfələr verib. “Molla Nəsrəddin” jurnalı (1906) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

22 fevral 1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.

22 fevral 1914 – Xalq rəssamı, heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1914-2001) Şuşa şəhərində anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

22 fevral 1917 – Yazıçı-dramaturq Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.

22 fevral 1924 – Xalq artisti, bəstəkar Süleyman Əyyub oğlu Ələsgərov (1924 – 21.1.2000) Şuşada doğulub. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Həmişəxanım” operettalarının, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, mahnıların müəllifidir.

22 fevral 1950 – Əməkdar rəssam Asif Əli oğlu Məmmədov (1950 – 4.11.2002) Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrının baş rəssamı olub.

22 fevral 2021 – Xalq artisti, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə (15.12.1939 – 2021) vəfat edib.

 

Dünya

 

19 fevral 1473 – Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 – 24.5.1543) anadan olub. Dünyanın heliosentrik sistemi (planetlərin Günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisi sayılır.

19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743-1805) anadan olub.

19 fevral 1821 – Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher; 1821-1868) anadan olub.

 

20 fevral 1925 – Amerika rejissoru, ssenarist Robert Altman (1925-2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olan yeganə amerikalı rejissordur.

20 fevral 1967 – Amerika rok-musiqiçisi, “Nirvana” qrupunun rəhbəri Kurt Kobeyn (Kurt Donald Cobain; 1967-1994) anadan olub.

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür (İnternational Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

21 fevral 1906 – Rus boyakarı, qrafik, kitab illüstratoru, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.

21 fevral 1925 – Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel Peckinpah; 1925-1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.

 

22 fevral 1788 – Alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.

22 fevral 1921 – İtalyan aktrisası Cülyetta Mazina (Giulietta Masina; 1921-1994) anadan olub.

Hazırladı: Vüqar Orxan