Tədqiqatın nəticələri açıqlanıb

 

Yaponiyanın Çiba Texnoloji Universitetinin alimləri Misir fironu Tutanhamonun (eramızdan əvvəl XIV əsr) sərdabəsindən tapılmış xəncər barədə tədqiqatlarının nəticələrini ictimaiyyətə təqdim ediblər.

NHK telekanalının məlumatına görə, xəncər, çox güman ki, başqa ölkədə hazırlanıb. Bu, artefaktın mənşəyi və istehsal üsulunu öyrənmək üçün aparılan kimyəvi analizdən sonra məlum olub.

Bildirilir ki, xəncərin dəstəyinin hazırlanması üçün istifadə edilən yapışqan indiki Türkiyə ərazisində yerləşmiş Mitanni krallığında istifadə edilən yapışqanla oxşarlıq təşkil edir.

Tədqiqatçıların rəyinə görə, qədim Misir əlyazmalarında xəncərin Tutanhamonun babasına hədiyyə olaraq verildiyi qeyd olunur.

Xəncəri 2016-cı ildə tədqiq edən İtaliya alimləri onun meteorit dəmirindən düzəldildiyini  bildiriblər. Yapon tədqiqatçılar da kimyəvi analizin nəticəsinə görə xəncərin meteoritə xas nadir elementlərdən hazırlandığını təsdiqləyiblər. Analiz xəncərin aşağı temperaturda, tam əriməmiş dəmirdən döyüldüyünü təsdiq edir.