Azərbaycan

 

23 fevral 1909 – Tanınmış ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.

23 fevral 1911 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.

23 fevral 1928 – Akademik, coğrafiyaşünas, tarix və toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928-2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.

23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938-2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.

23 fevral 1943 – Şair, tərcüməçi, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) Şəmkir rayonunda anadan olub.

23 fevral 1952 – Əməkdar artist Əlican Süleyman oğlu Əzizov (1952 – 10.2.2021) anadan olub. Gəncə Dövlət Dram Teatrında, Nizami Poeziya teatrında aktyor kimi çalışıb, filmlərdə çəkilib.

23 fevral 2003 – Xalq artisti, görkəmli aktyor Həsənağa Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatrın direktoru olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.

 

24 fevral 1864 – Mütəfəkkir, yazıçı-publisist, şair, rəssam Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864 – 17.03.1940) Salyanda doğulub. Bakıda “Həyat” qəzetinin, “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir

24 fevral 1881 – Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə; 1881 – 24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər, uşaqlar üçün pyeslər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.

24 fevral 1922 – Teatrşünas, sənətşünaslıq namizədi Adilə Mirzə qızı İsmayılova (1922 – 24.11.1985) Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) prorektoru işləyib.

24 fevral 1933 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (1933-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

24 fevral 1934 – Xalq rəssamı, professor Cəmil Mir Yusif oğlu Müfidzadə (1934 – 20.12.2019) Naxçıvan MR Ordubad rayonunda anadan olub. “İçərişəhər”, “Abşeron nefti”, “Xınalıq”, “Misir təəssüratları” və s. silsilə əsərlərin müəllifidir.

24 fevral 1941 – Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev (1941 – 12.4.2021) Bakının Balaxanı kəndində  doğulub.  “İrs” folklor ansamblının yaradıcılarından biri və uzun illər bədii rəhbəri olub.

24 fevral 1944 – Əməkdar incəsənət xadimi, rejissor Tariyel Təyyar oğlu Vəliyev (1944 – 24.4.2012) İmişli rayonunda doğulub. Azərbaycan Televiziyasında məşhur tamaşalara (“Səni axtarıram”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s.) quruluş verib.

 

25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi,  Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.

 

Dünya

 

23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (Georg Friedrich Händel; 1685-1759) anadan olub.

23 fevral 1878 – Polyak əsilli Rusiya rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub. Təsviri sənətdə abstraksionizmin tanınmış nümayəndələrindən biridir.

23 fevral 1878 – Tatar yazıçı-publisisti Qayaz İshaki (1878-1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, Ankarada vəfat edib.

23 fevral 1883 - Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers; 1883-1969) anadan olub.

 

24 fevral 1786 – Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm; 1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu tərtib edib.

24 fevral 1906 – Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.

 

25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.

25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841-1919) anadan olub.

25 fevral 1871 – Ukrayna ədəbiyyatının klassiki, yazıçı, şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871-1913) anadan olub.

25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907-1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.

25 fevral 1943 – İngilis müğənnisi, bəstəkar, gitaraçı, “The Beatles” qrupunun üzvü Corc Harrison (George Harrison; 1943-2001) anadan olub.

Hazırladı: Vüqar Orxan