AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Xocalı faciəsi – milli varlığımıza vurulan zərbə” adlı elmi-praktik seminar keçirilib.

Muzeyin icraçı direktoru Fərhad Cabbarov erməni silahlı dəstələrinin Xocalıda törətdiyi soyqırımının insanlıq əleyhinə cinayət aktı kimi dünyada tanıtmaq üçün görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən bəhs edib.

Xocalı hadisələrinin şahidi, Əməkdar müəllim Murad Şükürov acı xatirələrini bölüşüb.

Muzeyin elmi işçilərindən Laçın Mustafayevin “Xocalı abidələri bəşəriyyətin maddi-mədəni irsidir”, Ləman Musayevanın “Xocalı dəhşətləri – bəşəriyyətin mental sağlığına vurulan növbəti zərbə”, ADPU-nun magistrantı Aytac Rəhimovanın “Xocalı gənclərin gözü ilə” mövzularında məruzələri dinlənilib.

 Xocalı soyqırımından bəhs edən “Müharibə uşaqları” filmi nümayiş olunub.

Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun oğlu Murad Hüseynov, “Müharibə uşaqları” filminin operatoru Nizami Abbas və digər çıxış edənlər də tariximizə qanla yazılan qırğından bəhs ediblər.