Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

117 il əvvəl...

26 fevral 1905-ci ildə Rusiya çarı II Nikolay Qafqazda vəziyyətə nəzarəti gücləndirmək üçün birbaşa idarəçilik – canişinlik sistemini bərpa edib. Qafqaz canişinliyi 1844-cü ildə yaradılmışdı, bölgədə hakimiyyət canişinə məxsus idi, o yalnız çarın qarşısında hesabat verirdi. Sonradan regionun quberniyalara bölünməsi ilə canişinlik idarəçiliyi tədricən aradan qalxmışdı.

 

111 il əvvəl...

28 fevral 1911-ci ildə Bakıda Opera Teatrının (indiki Akademik Opera və Balet Teatrı) açılışı olub. Açılış gecəsində M.Musorqskinin “Boris Qodunov” operası oynanılıb. 1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrı, 1934-cü ildə M.F.Axundzadə adına Opera və Balet Teatrı adlandırılıb.  

 

105 il əvvəl...

26 fevral 1917-ci ildə Rusiyada Fevral (burjua) inqilabı başlanıb. Petroqradda (Sankt-Peterburq) silahlı toqquşmalar nəticəsində hakimiyyət iflic olub. İki gün sonra Çar II Nikolay taxt-tacdan imtina etməyə məcbur oldu. Üç əsr sürən Romanovlar sülaləsinin mütləqiyyəti sona çatdı. Müvəqqəti hökumət quruldu.

 

101 il əvvəl...

26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd də yer almışdı. Çar Rusiyasının İrana tətbiq etdiyi əsas qadağalar (o cümlədən Xəzərdə hərbi donanma saxlamağa qadağa) yeni müqavilədə qüvvədə qalmışdı.

 

96 il əvvəl...

26 fevral 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay açılıb. Martın 6-dək davam edən qurultayda Sovet İttifaqı və xarici ölkələrdən 100-dən çox nümayəndə iştirak edib. SSRİ-də yaşayan türkdilli xalqların əksəriyyətinin təmsil olunduğu qurultayda latın qrafikalı yeni əlifbaya keçidin prinsipləri də işlənib hazırlanmışdı.

 

36 il əvvəl...

28 fevral 1986-cı ildə İsveçin Baş naziri Ulof Palme Stokholmda həyat yoldaşı ilə kinoteatrdan evinə piyada qayıdarkən qətlə yetirilib. Qətllə bağlı bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, icraçı və sifarişçisini müəyyən etmək mümkün olmadı, 2020-ci ildə işə xitam verildi.

 

34 il əvvəl...

27 fevral 1988-ci ildə Sumqayıtda erməni ekstremistlərin və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat törədilib. Bandit dəstəyə başçılıq edən erməni Eduard Qriqoryana məhkəmə 12 il iş verdi və o, SSRİ dağılandan sonra azadlığa çıxdı. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. “Sumqayıt olayları” SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və azərbaycanlıları ermənilərə düşmən kimi dünyaya tanıtmaq, Qarabağda başlanan separatçılığa haqq qazandırmaq məqsədi daşıyırdı.

 

31 il əvvəl...

27 fevral 1991-ci ildə ABŞ və Britaniyanın rəhbərlik etdiyi müttəfiqlər koalisiyasının İraqa qarşı başladığı “Səhrada tufan” əməliyyatı başa çatıb. 12 günlük müharibə nəticəsində İraq işğal etdiyi Küveytdən çıxmağa məcbur oldu.

 

30 il əvvəl...

28 fevral 1992-ci ildə Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları və Hindistanla diplomatik münasibətlər qurub. ABŞ Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də, Hindistan isə dekabrın 26-da tanımışdı.

 

29 il əvvəl...

28 fevral 1993-cü ildə erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz dəmiryolunda – Qudermes stansiyası (Çeçenistan) yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Hazırladı: V.Orxan