Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 1-18 mart tarixində Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirilir.

Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstanın iştirakı ilə təşkil olunan festival Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə diqqət yetirməklə, mədəni müxtəlifliyi təşviq etmək məqsədi daşıyır.

Martın 1-də “FantazEU” festivalı çərçivəsində rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bu qəbildən mədəni tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, mədəni irs insanları birləşdirir: “Bu, festivalın ilk tədbiridir. Festivalın proqramı çox maraqlı və zəngindir. Belə ki, proqramda ədəbiyyat gecələri, yerli və xarici rəssamların tədbirləri, kino nümayişləri olacaq. Belə mədəni tədbirlərin keçirilməsi Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlığın inkişafına təkan verəcək...”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə Fəridə Qarayevanın 14 əsəri nümayiş etdirilir. Rəssam öz əl işlərində xovsuz xalça (palaz, kilim, şəddə kimi növlər) texnikasından istifadə edir.

Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xalçaçı-rəssam ixtisası üzrə bitirib. Müxtəlif kollektiv sərgilərdə, plener və festivallarda fəal iştirak edib.