Azərbaycan

 

5 mart 1910 – Əməkdar incəsənət xadimi, rejissor Səftər (Əlisəftər) Həbib oğlu Turabov (1910-1989) Bakıda doğulub. Akademik Milli Dram Teatrında işləyib, Azərbaycan Radiosunda radio tamaşaları hazırlayıb.

5 mart 1919 – Teatr və kino aktyoru, kiçik rolların mahir ifaçısı Məmmədsadıq Qafar oğlu Nuriyev (1919 – 22.3.1975) Bakıda doğulub. Xalq artisti Yaşar Nurinin atasıdır. İrəvan Dövlət Azərbaycan Dram, Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.

5 mart 1926 – Xalq rəssamı Cahangir Mahmud oğlu Rüstəmov (1926 – 13.2.2007) Şəki şəhərində anadan olub. Tarixi mövzuda əsərlər, məişət tabloları, mənzərələr, portretlər və natürmortların müəllifidir.

5 mart 1936 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 – 25.8.2002) Şəkidə doğulub. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru olub.

5 mart 1947 – Ədəbiyyatşünas, yazıçı Vaqif Minad oğlu Arzumanlı (1947 – 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

5 mart 1953 – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas  Kamran  İmran oğlu Əliyev (1953 – 23.12.2020) Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olub.

5 mart 1956 – Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov; 1956-2017) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.

5 mart 1970 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (15.12.1905 – 1970) vəfat edib. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.

 

6 mart 1931 – Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, yazıçı Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.

6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 – 1955) Ankarada vəfat edib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.  

 

7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.

7 mart 1926 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. 1918-ci ildə qaçqınlıq taleyi yaşayıb, ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.

7 mart 1926 – Şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) Bakıda anadan olub.

7 mart 1940 – Bakıda Azərbaycan rəssamlarının birinci qurultayı işə başlayıb.  Qurultayda İsmayıl Axundov Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçilib.

7 mart 1945 – Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva (1945 – 15.2.2005) anadan olub. “Arşın mal alan” (1965), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.

 

8 mart 1911 – Xalq artisti Ağadadaş Gülməmməd oğlu Qurbanov (1911 – 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çıxış edib. “Koroğlu”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.

8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) Bakıda anadan olub.

8 mart 1935 – Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Teatr Muzeyinə (1934-cü ildə yaradılıb) görkəmli dramaturq Cəfər Cabbarlının adı verilib.

8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 – 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. 1957-ci ildən “Azərbaycanfilm” Kinostudiyasında işləyib.

8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947-1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.

8 mart 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Əliabbas Gülabbas oğlu Qədirov (15.2.1946 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrının direktoru (2002-2006) olub.

 

9 mart 1893 (bəzi mənbələrdə 12 dekabr) – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda anadan olub. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub və güllələnib.

9 mart 1915 – Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.

9 mart 1929 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.

9 mart 1952 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Haşım oğlu Qəmərli (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb. Filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.

 

Dünya

 

5 mart 1922 – İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini; 1922-1975) anadan olub.

5 mart 1934 – Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub.

 

6 mart 1475 – İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Lodovico Buonarroti Simoni; 1475 – 18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.

6 mart 1909 – Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec; 1909-1966) anadan olub.

6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 – 17.4.2014) anadan olub.

 

7 mart 1875 – Fransız impressionist bəstəkarı, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875-1937) anadan olub.

7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub.

7 mart 1941 – Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941-1987) anadan olub.

 

8 mart 1575 – Alman filosofu Yakob Böme (Jakob Böhme; 1575-1624) anadan olub.

8 mart 1851 – Maarifçi, mütəfəkkir, naşir İsmayıl Qaspıralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspıra şəhərində doğulub.

 

9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub.

9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.

Hazırladı: Vüqar Orxan