AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovanın “Çağdaş Azərbaycan nəsrində mifologizm” monoqrafiyası nəşr olunub.

AMEA-dan bildirilib ki, kitabın elmi redaktoru mərhum alim Kamran Əliyev, rəyçiləri isə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Əfzələddin Əsgərdir.

Monoqrafiyada çağdaş Azərbaycan bədii nəsrində rast gəlinən mifologizmlər Azərbaycan, eləcə də dünya folklor nümunələri ilə müqayisəli şəkildə tədqiqata cəlb olunub, mifoloji obraz, motiv və süjetlərə müraciətin özünəməxsusluğu və bu zaman yazıçıların həyata keçirdiyi yaradıcılıq maneraları təhlil edilib.