Azərbaycan

 

10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (30.6.1812 – 1878) Tiflisdə vəfat edib. 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 – 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra Dövlət Opera və Balet Teatrının baş baletmeysteri olub (1953-1972), Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.

10 mart 1940 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (1940 – 22.10.2021) Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib.

10 mart 2004 – Xalq artisti, məşhur aktrisa Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 – 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. Filmlərdə (“Ögey ana”, “Ulduz”, “Qayınana” və s.) maraqlı obrazlar yaradıb.

10 mart 2021 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942 – 2021) vəfat edib.

 

11 mart 1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (Bəşir Səfər oğlu Səfərov; 1925 – 24.3.1969) Bakıda anadan olub. Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə çəkilib.

11 mart 1942 – Tanınmış aktrisa Lütfiyyə Şamil qızı Səfərova (1942-2010) Bakıda doğulub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb. 

 

12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) İsmayıllı rayonunun Basqal kəndində doğulub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, Dünya qopur” və s. romanların müəllifidir.

12 mart 1906 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 – 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.

12 mart 1933 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 1933 -12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı (1995-2000) olub.

12 mart 1942 – Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov (1942 – 7.4.2015) Bakıda anadan olub.

 

13 mart 1899 – Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 – 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Musiqili Komediya Teatrında tamaşalarda oynayıb. “Görüş” filmində (1955) çəkilib.

13 mart 1918 – Əməkdar mədəniyyət işçisi Xavər Əhməd qızı Vəkilova (Mirzəbəyova; 1918 – 16.1.2006) Dərbənd şəhərində doğulub. Xalq şairi Səməd Vurğunun ömür-gün yoldaşı olub. Səməd Vurğunun Ev-Muzeyinin direktoru (1975-2006) işləyib.

13 mart 1927 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 – 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

13 mart 1928 – Tanınmış skripka ifaçısı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 – 17.8.1994) anadan olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olub.

13 mart 1935 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Arif Allahyar oğlu Hacıyev (1935-2000) anadan olub.

13 mart 1994 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 – 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda yaddaqalan obrazlar yaradıb.

 

14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880, Naxçıvan – 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.

14 mart 1936 – Yazıçı-dramaturq Nahid Rəhim oğlu Hacızadə (1936-2018) Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub. Pyesləri teatrlarda tamaşaya qoyulub, televiziya filmlərinin ssenari müəllifidir.

14 mart 1938 – Tanınmış ədəbiyyatşünas, professor Samət Qüdrət oğlu Əlizadə (1938-2002) Xızı qəsəbəsində anadan olub.

14 mart 1992 – Şair Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 – 1992) vəfat edib. Uşaqlar üçün əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini  işləyib.

 

Dünya

 

10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772-1829) anadan olub.

10 mart 1930 – Litva şairi, yazıçı, dramaturq Yustinas Marsinkyaviçus (1930- 2011) anadan olub.

 

11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso; 1544-1595) anadan olub.

11 mart 1818 – Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

 

12 mart 1672 – İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele; 1672-1729) anadan olub.

12 mart 1685 – İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley; 1685-1753) anadan olub.

12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728-1779) anadan olub.

12 mart 1737 – Rus memarı, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.

12 mart 1937 – Gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava (1937-2017) anadan olub.

 

13 mart 1838 – İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli; 1838-1915) anadan olub.

13 mart 1900 – Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.

13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yorğun savaşçı”, “Qurd qanunu” və s. romanların müəllifidir.

13 mart 1913 – Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub.

13 mart 1922 – Məşhur kalmık şairi David Nikitoviç Kuqultinov (1922-2006) anadan olub.

 

14 mart 1681 – Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann; 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.

14 mart 1804 – Avstriya bəstəkarı, skripkaçı, dirijor Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.

Hazırladı: Vüqar Orxan