Azərbaycan

 

15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 – 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.

15 mart 1893 – Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

15 mart 1893 – Aşıq İslam (İslam Qara oğlu Yusifov; 1893 – 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.

15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. 1920-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 mart 1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

15 mart 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914 – 11.9.2001) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

15 mart 1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

15 mart 1923 – Tanınmış rəssam, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) anadan olub. Qrafika ustası kimi tanınıb, görkəmli şəxsiyyətlərin portretlərini, kitablara illüstrasiyalar çəkib.

15 mart 1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

15 mart 1932 – Əməkdar rəssam Sima Abbas qızı Ağayeva (1932-2021) anadan olub.

15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

15 mart  1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

15 mart 1949 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (1949 – 17.9.2014) Lənkəranda doğulub. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub.

 

16 mart 1882 – Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882-1967) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 30 ilə yaxın (1952-ci ilədək) Opera və Balet Teatrının solisti olub.

16 mart 1903 – Əməkdar mədəniyyət işçisi, dramaturq Qurban İsabala oğlu Musayev (1903-1982) Bakının Mərdəkan qəsəbəsində doğulub.

16 mart 1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri (1938-1964) olub.

16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.

16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operettalarının müəllifidir, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Sevil” vokal qızlar ansamblı, “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.

16 mart 2020 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (4.1.1946 – 2020) vəfat edib. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə (“Bəxt üzüyü”, “Mənim ağ şəhərim”), televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

 

17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.

17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

17 mart 1932 – Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi Zümrüd Əliqulu qızı Quluzadə (1932 – 26.9.2021) anadan olub. Nizami, Nəsimi və Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.

 

18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 - 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin “Yeddi cam” əsərini farscadan tərcümə edib.

18 mart 1922 – Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 – 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Bir “Volqa” məhəbbət” və s.

18 mart 1979 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 20.8.1901 – 1979) vəfat edib. “Şuşanın dağları”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

 

Dünya

 

15 mart 1830 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse; 1830-1914) anadan olub.

15 mart 1937 – Rus yazıçısı Valentin Qriqoryeviç Rasputin (1937 - 14.3.2015) anadan olub. “Mariya üçün pullar”, “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.

 

16 mart 1839 – Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme; 1839-1907) anadan olub.

16 mart 1935 – Rusiyanın Xalq artisti Sergey Yurski (1935 – 8.2.2019) anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə çəkilib.

16 mart 1940 – İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci; 1940 – 26.11.2018) anadan olub.

 

17 mart 1856 – Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.

17 mart 1901 – Amerika kino bəstəkarı, dirijor, aranjimançı Alfred Nyuman (Alfred Newman; 1901-1970) anadan olub. 9 dəfə “Oskar” laureatı olub.

17 mart 1938 – Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

 

18 mart 1842 – Fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stéphane Mallarmé; 1842-1898) anadan olub.

18 mart 1844 – Rus bəstəkarı, dirijor Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. “Sadko”, “Qar qız”, “Motsart və Salyeri”, “Qızıl xoruz” operalarının, “Şəhrizad” simfonik süitasının müəllifidir.

18 mart 1938 – Hind aktyoru, rejissor Şaşi Kapur (Shashi Kapoor; 1938 – 4.12.2017) anadan olub.

Hazırladı: Vüqar Orxan