Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

141 il əvvəl...

13 mart 1881-ci ildə Rusiya “Narodnaya volya” (“Xalqçılar”) inqilabçı-terror təşkilatının üzvləri Çar II Aleksandrı qətlə yetiriblər. 1855-ci ildə taxta çıxan II Aleksandra qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. Halbuki o, mütərəqqi çar kimi tarixə düşmüş, taxta çıxandan sonra dekabristlərə, Polşa üsyanının iştirakçılarına amnistiya vermiş, təhkimçilik hüququnu ləğv etmiş (1861), dövlət idarəçiliyində islahatlar aparmışdı.

 

101 il əvvəl...

16 mart 1921-ci ildə Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. İki dövləti uzun illərin qarşıdurma müstəvisindən çıxaran müqavilədə qarşılıqlı öhdəliklər yer almışdı. Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.

 

84 il əvvəl...

13 mart 1938-ci ildə SSRİ hökuməti bütün milli respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti kütləvi repressiyalarla müşayiət olunurdu.

 

54 il əvvəl...

16 mart 1968-ci ildə ABŞ qoşunlarının Cənubi Vyetnamda apardığı işğalçılıq müharibəsi zamanı Sonqmi kəndi əhalisi ilə birlikdə yandırılıb. Kənddə əksəriyyəti qoca, qadın və uşaq olmaqla 567 nəfər öldürülmüşdü. Rəsmi məlumata görə, amerikalı hərbçilərin törətdiyi bu qırğın barədə ABŞ rəhbərliyi bir il sonra xəbər tutmuşdu.

 

31 il əvvəl...

17 mart 1991-ci ildə SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı ümumittifaq referendumu keçirilib. Rəsmi məlumatlara görə, referendumda iştirak etmiş 146 milyon nəfərdən 112 milyonu (76 faiz) SSRİ-nin saxlanılmasına səs vermişdi. Amma bundan bir neçə ay sonra ittifaq canını tapşırdı.

 

27 il əvvəl...

15-17 mart 1995-ci ildə Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qiyamı baş verib. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, o cümlədən qiyamçıların silahı yerə qoyacaqları təqdirdə məsuliyyətə cəlb olunmayacaqları barədə fərman imzaladı. Amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

 

14 il əvvəl...

14 mart 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə qəbul olunub. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilirdi.

Hazırladı: V.Orxan